Qərargaha gediş-gəliş növbəlilik prinsipi əsasında həyata keçirilir

Məlum olduğu kimi, Azərbaycanda koronavirusla əlaqədar aprelin 20-ə kimi xüsusi karantin rejimi elan olunub. Demək olar ki, ölkədə bütün sahələr üzrə fəaliyyətlərə məhdudiyyətlər qoyulub. Belə bir şəraitdə siyasi partiyaların fəaliyyətlərində hansı dəyişikliklər edəcəkləri, fəaliyyətlərinə fasilə verib-verməyəcəkləri suallar doğurur.

Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə karantin rejiminə əməl etdiklərini bildirdi: "AMİP karantin rejiminin tətbiqi haqqında qərar verildiyi ilk gündən partiyanın bütün toplantılarının təxirə salınması haqqında qərar qəbul edib. Eyni zamanda, partiya olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara dəstək bəyanatı verməklə yanaşı karantin dövründə hökumət tərəfindən görülməsini vacib hesab etdiyimiz təkliflər paketi ilə də çıxış etmişik. Bu və ya digər məsələ ilə bağlı operativ qərar vermək lazım olduqda isə Siyasi Şura üzvləri ilə onlayn qaydada müzakirələr aparılır və müvafiq qərarlar qəbul edilir. Fəaliyyətimizi təbii ki, məhdudlaşdırmışıq. Qərargaha gediş-gəliş növbəlilik prinsipi əsasında həyata keçirilir. Bir neçə gün bundan əvvəl COVİD-19 virusu ilə bağlı partiya üzvlərinin mütəmadi olaraq maarifləndirilməsi, eləcə də, yaşlı, xəstə və tək yaşayan partiya üzvləri ilə müntəzəm əlaqələrin həyata keçirilməsi, həmçinin də bu kateqoriyadan olan partiya üzvlərimizin sosial ehtiyaclarının öyrənilərək köməklik göstərilməsi üçün xüsusi qrup yaradılıb. Bu xüsusi qrupa daxil olan şəxslər, o cümlədən də mən növbəlilik prinsipi əsasında partiya qərargahında olur və sadaladığım fəaliyyəti həyata keçiririk. Dediyiniz müddətə qədər və ola bilər ki, ondan sonrakı müəyyən dövrdə də partiyanın fəaliyyəti məhz bu şəkildə həyata keçiriləcək”.
Müsavat.com