Qərbi Azərbaycan kəndləri – Qaraqışlaq

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.

Qaraqışlaq kəndi Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 9 kilometr şimal-qərbdə, Zəngi çayının sağ tərəfində, su arxının üstündə, Gərnigöz bulağının kənarında yerləşir.

1988-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayırdı, həmin il kəndin bütün yerli əhalisi qovulub çıxarıldı və kənd erməniləşdirildi.

“İrəvan əyalətinin müfəssəl dəftəri“ndə (1590) İrəvan nahiyəsinin, “İrəvan əyalətinin icmal dəftəri“ndə (1728) isə Qırxbulaq nahiyəsinin Qaraqışlaq kəndi kimi qeydə alınıb. İkinci mənbədə kəndin əsl adının Hacı Bayram, ikinci adının isə Qaraqışlaq olduğu, kənddə Məhəmməd adlı şəxsin timarından dövlətin ildə 7.200 ağça gəlir götürdüyü göstərilib. Yeri gəlmişkən, “İrəvan əyalətinin müfəssəl dəftəri“ndə (1590) İrəvan nahiyəsində Qaraqışlaq kəndi ilə yanaşı, Hacı Bayram qışlağı adlı ayrıca kəndə də rast gəlirik. Görünür, yanaşı olan bu kəndlər sonra vahid kəndə çevrilib, Qaraqışlaq adı ilə tanınıb.

İvan Şopendə (1832) və sonrakı bütün statistik məlumatlarda kəndin adı Qaraqışlaq şəklində verilib. Kəndin adının qara və qışlaq komponentlərindən ibarət olduğu özlüyündə aydındır. Qara komponenti türk dillərində böyük mənası verməklə toponimin Böyük qışlaq mənasını ortaya qoyur. Lakin qara sözünün “qəryə“ (kənd) anlamını da nəzərdən qaçırmaq olmaz. Xatırladırıq ki, təkcə XIX yüz ildə Cənubi Qafqazda yeddi Qaraqışlaq kəndi olub. Qərbi Azərbaycanda XVI-XIX yüzillərdə Şirakel, Karbi nahiyələrində, Gərnibasar və Zəngibasar mahallarında Qaraqışlaq kəndləri qeydə alınıb.

İ.Şopendə (1832) Zəngibasar mahalının Qaraqışlaq kəndində 23 təsərrüfatda 151 nəfər (84 kişi, 67 qadın) azərbaycanlının yaşadığı göstərilib.

1873-cü ilin siyahıyaalmasında kənd mülkədar kəndi kimi qeydə alınıb, Gərnigöz bulağı kənarında, Zəngi çayının sağ tərəfində yerləşdirilib, kənddə 77 təsərrüfatda 735 (389 kişi, 346 qadın) azərbaycanlının yaşadığı qeyd olunub. Kənddə bir məscid binası da qeydə alınıb.

1886-cı ildə kənddə 93 təsərrüfatda 751 nəfər (468 kişi, 283 qadın), 1897-ci ildə 1.007 nəfər, 1905-ci ildə 832 nəfər, 1914-cü ildə 1.123 nəfər əhali yaşayıb.

Qaraqışlaq 1918-ci ildə İrəvan qəzasında erməni-daşnak hücumları nəticəsində ən çox dağıdılan və qətl-qarətlərə məruz qalan kəndlərdən biri olub. Erməni süngüsündən canını qurtaranlar baş götürüb Arazın o tayına pənah aparmışlar.

Sovet hakimiyyətinin ilk illərində kənd əhalisinin sağ qalanları doğma kəndə qayıtmaq imkanı qazanıb, iki-üç ildən bəri xaraba qalmış kəndi bərpa etməyə başlayıblar. 1922-ci ildə geri qayıdanlar 514 nəfər olub, 1926-cı ildə onların sayı 753 nəfərə, 1931-ci ildə 850 nəfərə çatıbdır.

Kəndin torpaqlarında ötən əsrin 30-cu illərində kolxoz, 50-ci illərində sovxoz yaradılıb, kənddə bir çox sosial və inzibati obyektlər tikilib istifadəyə verilib, kənd xeyli abadlaşdırılıb. Adamlar fərdi təsərrüfatlarının inkişaf etdirilməsinə xüsusilə böyük diqqət yetiriblər. Lakin təəssüf ki, 1988-ci il soyqırımı zamanı bütün bunlar hamısı əvəzi ödənilmədən ermənilər tərəfindən qəsb edildi, kəndin köklü sakinləri isə qovulub öz ata-baba yurdlarından vəhşiliklə çıxarıldılar. Noyabrın 28-də gündüz saat 3-də qəflətən kəndə hücum edən mütəşəkkil erməni quldur dəstələrinə əliyalın müqavimət göstərməyin daha mümkün olmadığını görən dinc camaat ermənilərlə əlbəyaxa ola-ola, nəhayət, Türkiyə sərhədinə sığınmaq məcburiyyətində qaldılar, bir neçə gündən sonra isə hərbçilərin köməyi ilə Naxçıvana üz tutdular. Bu vaxt kənddə 580 təsərrüfatda təxminən 3.500 nəfər azərbaycanlı yaşayırdı. Həmin hadisələr zamanı kəndin 1955-ci il təvəllüdlü sakini Tağıyev Müşviq Tağı oğlu erməni vəhşiliyinin qurbanı olaraq qəddarcasına qətlə yetirildi.

Kəndin tarixi Qaraqışlaq adı 1978-ci il yanvarın 25-də dəyişdirilərək Dostluq, 1991-ci il aprelin 19-da isə yenidən dəyişdirilərək Hayanist qoyulmuşdu.

X  X  X

Qaraqışlaq kəndi ilə Dəmirçi kəndi arasında Xaraba kəndi adlanan yer vardı. Bu xarabalıqlarda 1970-ci illərdə qazıntı işləri aparılmış, çoxlu təndir qalıqları və qədim qəbirlər aşkar edilmişdi.

Kənddə iki məscid binası vardı, onlardan birinin xarabalıqları qalırdı, digəri isə 1988-ci ilə qədər fəaliyyət göstərirdi.

Kəndin qəbiristanlığı kəndin qırağında yerləşirdi.

Kənddə Seyid ocağı deyilən ocaq vardı. Bu ocaq Bəyim nənənin evində yerləşirdi.

Kənddən Birinci Dünya müharibəsinə 96 nəfər gedib, onlardan 58-i müharibədə həlak olub.

1966-1969-cu illərdə Qaraqışlaq sovxozuna haçaparaqlı Abbas Mustafayev direktorluq etmiş, onun vaxtında kənd iqtisadi cəhətdən xeyli irəliləmiş, kənddə dördmərtəbəli yeni tipli orta məktəb binası tikilmiş və 1968-ci ildə C.Məmmədquluzadənin 100 illiyi münasibətilə kənd orta məktəbinə böyük ədibin adı verilmişdir.

Qaraqışlaq, Dəmirçi, Rəhimabad və Mehmandar kəndləri bir sovetlikdə birləşmiş və uzun müddət sovetlik Qaraqışlaq kəndində yerləşmişdir.

Kəndin tayfa və nəsilləri: Kəlba Əhmədlilər, Qəmbərlilər, Mədəddilər, Kərtilər, Muğanlılar, Salmanlılar, Bədəllilər, Usublular, Zamanlılar, Xəlillilər, Talınlılar, Ergovlular, Kərimarxlılar, Quytullular, Haxıslılar, Alməmməd uşağı, Kalba Oruc uşağı.

Kəndin toponimləri: Bağçalar, Arxaltı, Korabulaq yeri, Korabulaq bulağı, Birinci bilan, Ayıbasqan körpüsü.

Millət