İrandakı proseslərin az itkisiz nizama salınacağı o qədər də şübhə doğurmur

Dekabrın 28-dən İranda başlanan kütləvi etiraz aksiyaları və ixtişaşlar dünyanın diqqətini özünə çəkməkdədir. Bu da ondan qaynaqlanır ki, İran regionun əsas oyunçularından və İslam aləminin güc mərkəzlərindən biridir. Çox əlverişli coğrafi məkanda yerləşir və böyük təsir dairəsinə malikdir

Xüsusən də, şiə ideologiyasının və məzhəbinin əsas dayağı, ixracatçısı olduğundan orda baş verənlər və nəticələr istər-istəməz böyük bir coğrafi məkana təsirsiz ötüşməyəcək.

İran hər nə qədər klerikal dövlət olsa da, cağdaşlığa bir o qədər meyllidir.

Burada bir tərəfdə mühafizəkarlar, digər tərəfdə islahatçılar uzun illər idi ki bir-biri ilə gərgin mübarizə aparırdı.

Son prezident seçkilərində Ruhaninin qalib gəlməsi və bir sıra islahatlar aparmağa səy göstərməsi sərt dini uyğulamaların yumşaldılması mühafizəkarların xoşuna gəlməsə də, bu proses artan xətlə davam edirdi. Lakin beynəlxalq sanksiyaların uzun illər davam etməsi İran iqtisadiyyatını, eləcə də, sosial-iqtisadi vəziyyəti günü-gündən pisləşdirirdi.

Üstəlik də, Suriyada gedən müharibəyə müdaxiləsi, İraq, Livan, Fələstinə olan hər cür dəstək rəsmi Tehranın iqtisadiyyatına və maliyyə durumuna ciddi təsir göstərirdi. Dünya bazarında enerji daşıyıcılarının qiymətinin enməsi milyardlarla itki demək idi. Bütün bu ziddiyyətlər və proseslər nəticə etibarı ilə nə vaxtsa partlamalı idi.

Qeyd etmək lazımdır ki, Tramp administrasiyasının ilk hədəfinə və qəzəbinə tuş gələn ölkələrdən birincisi də məhz İran oldu. İranın zəiflədilməsi və parçalanması ABŞ, İsrail və Səudiyyə Ərəbistanının birgə maraqlarına cavab verir. İran rejimi tərəfindən 30 milyondan çox soydaşımızın əzilməsinə, assimilyasiyaya uğramasına baxmayaraq indiki halda İranda qarşıdurmaların davam etməsi və bunun daxildə vətəndaş müharibəsinə çevrilməsi arzuolunan deyil. Hərgah ki, İrandakı proseslərin az itkisiz nizama salınacağı o qədər də şübhə doğurmur. Rejim müəyyən islahatlar və güzəştlər etməklə etirazları yatıra biləcək. Bu həm də ona gərə mümkün olacaq ki, İrana birbaşa təsir göstərə bilən regional güclər Türkiyə və Rusiya İran hakimiyyətinə dəstək isfadə etdilər və böhranın dərinləşməsinə maraqlı deyillər. Dolayısı ilə Çin də hadisələrdən nigarandı. Ona görə də ABŞ, İsrail və Səudiyyə nə qədər cəhdlər də etsələr, Suriyadakı prosesləri İrana transfer edə bilinməyəcək.

Əgər Rusiya və Türkiyə Suriyada da ilkin etapda birgə mövqedən çıxış etsəydilər vaxtənda qətiyyət göstərəsydilər Suriya bu qədər acınacalı duruma düşməzdi. Amma hər iki dövlət indi çox yaxşı anlayır ki, İrandan sonra eyni proseslər Türkiyədə və Rusiyada başladıla bilər. Düşünürəm ki, İrandakı vəziyyət az itkisiz və az ağrısız öz həllini tapacaq. Əks halda bu proseslərdən ən çox ziyan azərbaycan türkləri və Azərbaycan dövləti çəkəcək. Bəziləri düşünür ki, İranın parçalanması Güneyin azadlığa qovuşması və Quzeylə birləşməsinə gətirib çıxaracaq. Mən buna şübhə ilə yanaşıram. Çünki nə İraqda, nə Suriyada türk, türkmən məsələsi aktuallıq kəsb etmədi və mərhumiyyətlərə, qırğınlara, köçlərə, deportasiyalara, qaçqınlığa onlar məruz qaldılar. Qərbin tük məsələsi deyə bir planı yox, ABŞ-in projesində Kürd planı var ki, İranda da bu məsələ aktuallaşdırıla bilər, əgər axın belə gedərsə. Bir sözlə, İranda proseslərin necə davam edəcəyi birbaşa bizə təsir göstərəcək. /Ekspress qəzeti 4 yanvar/