Türkdilli ölkələrin futbol assosiasiyaları arasında imzalanan Anlaşma Memorandumuna əsasən, bu ölkələrin futbol komandalarının iştirakı ilə turnir keçiriləcək.
Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Modern.az-ın sorğusuna cavab olaraq, təmsil etdiyi qurumun da həmin sənədi imzaladığını xatırladıb:
“Amma turnirin keçiriləcəyi vaxtla bağlı konkret tarix bəlli deil. Çünki onun vaxtının digər turnirlərin vaxtı ilə üst-üstə düşmə ehtimalı var. Ona görə də müzakirələr aparılmalıdır”.
AFFA rəsmisinin sözlərinə görə, bu barədə məlumat olarsa, ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, 14 aprel 2021-ci ildə Türkdilli ölkələrin futbol assosiasiyaları arasında memorandum imzalanıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir, Macarıstan Futbol Federasiyasının prezidenti Sandor Csanyi, Qazaxıstan Futbol Federasiyasının prezidenti Adilbek Jaksıbekov, Qırğız Futbol İttifaqının prezidenti Kanatbek Mamatov, Türkmənistan Futbol Federasiyasının prezidenti Arslan Aynazarov, Özbəkistan Futbol Assosiasiyasının prezidenti Abdulsalom Azizov və Türk Şurasının baş katibi Bağdad Amireyev tərəfindən imzalanmış memorandum federasiyalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, futbolun inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi prosesində təcrübə mübadiləsi və digər məsələləri özündə ehtiva edir. Modern,az
Millət