AMİP Baş Katibindən: "Etiraf edin!"

1993-cü il iyun hadisələrindən 23 il keçir. Hər il hadisələrin ildönümü ərəfəsində o dövrdə baş verənlərə mətbuatda müxtəlif münasibətlərin şahidi oluruq. İyun hadisələrinə münasibət bildirənlərin arasında həqiqəti axtaranlarla yanaşı tarixi faktları təhrif edən, o zaman heç bir rolu olmasa da özünü guya hər şeydən xəbərdar kimi təqdim edən və o dövrdə baş verənlərə görə daha çox məsuliyyət daşımalı olan bəzilərinin isə bu gün özünü qəhrəman kimi təqdim etmələrinin də şahidi oluruq. Təəssüf ki, belələrinin sayı il-ildən artır. Bu il də istisna olmadı və görünən odur ki, kiminsə "sehirli çubuğu” bu şər maşınını bu dəfə daha şövqlə işə salıb.

Bu gün biri özünü cəmityyətə "tanınmış” hüquqşünas adıyla təqdim edərək o zaman guya deputat istintaq qrupunun üzvü olduğunu deyir və heç bir fakta və sənədə istinad etmədən müstəqilliyimizin əldə olunmasında danılmaz xidmətləri olan şəxsi hədəf götürür.

Alkoqol asılılığından əziyyət çəkən və vaxtilə AXC Sədrinin "qaragüruhçu” müşaviri olmuş başqa birisi bu gün rus işğalı altında olan Krımda gizlənib ordan başından böyük yalanlar uydurur. Bir başqası dini inancına və bugünkü partiya sədri statusuna heç cür yaraşmayan tərzdə şər və böhtan atmaqdan belə çəkinmir. Əsas hədəf isə yenə də Etibar Məmmədov və AMİP-dir.

Ayrı ayrılıqda heç kəsə cavab vermək fikrində deyiləm. Həmin adamlar heç buna layiq də deyillər və əslində bugünkü "mövcudluqları” ilə öz layiqli cavablarını çoxdan alıblar.

Amma həqiqət o qədər parıltılı olur ki, onu heç bir ləkə, şər və böhtanla gizlətmək mümkün deyil. Əsl həqiqət isə budur ki, 1993-cü ilin iyununda baş verənlərə görə birbaşa məsuliyyət daşıyan şəxslər heç biri öz vəzifəsinin öhdəsindən gələ bilməyib, hətta cinayətkarcasına qorxaqlıq və cəsarətsizlik göstəriblər.

Bu xalq sizi əlləri üstündə hakimiyyətə gətirdi, sizə mandat verdi və müstəqil Azərbaycanda bütün gələcək istəklərinin gerçəkləşməsini sizə etibar elədi. Siz nə etdiniz? Cəmi bir il ərzində hər şeyi alt-üst etdiniz, insanları xəyal qırıqlığına uğratdınız, hətta o qədər ki, bu gün də sizin sayənizdə demokratik düşərgəyə olan inam sarsılıb. Sonda isə bir-bir yüksək dövlət vəzifələrinizdən istefa verdiniz, yerdə qalanlarınız da dünya praktikasında nonsens ola biləcək üsul icad etdiniz, "vəzifələrinizi dondurdunuz”.

Kimin qarşısından qaçdınız? Özünüzün görəv verərək Baş nazirin birinci müavini, Korpus komandiri və "Milli Qəhrəman” etdiyiniz Surət Hüseynovun. Hətta Baş prokuror vəzifəsinə təyin etdiyiniz adam bir şilləyə Prezidentinin həbsinə sanksiya imzaladı. Müdafiə naziriniz qaçıb gizləndi, digər güc strukturlarınızın rəhbərlərinin isə mövcudluğu bilinmədi.

Nəhayət, "sayənizdə” fakt qarşısında qalan Prezident rəhmətlik Elçibəyin öz doğma kəndinə, Kələkiyə sığınmaqdan başqa çarəsi qalmadı. Əsl həqiqət budur! Bütün bunlara görə AMİP və Etibar Məmmədovmu günahkardır? Əgər günahkar idisə niyə Elçibəy 1998-ci ildə Bakıya qayıtdıqdan sonra ilk partiyalararası müqaviləni AMİP və Etibar Məmmədovla imzaladı?

Bəli, AMİP o zaman ölkənin ana müxalifət partiyası idi və baş verənlərə biganə qala bilməzdi. AMİP-in rəsmi qərarlarını əks etdirən sənədlər və iclasların stenoqramları bu gün də partiyanın arxivində olduğu kimi qorunub saxlanılıb. O dövrdə AMİP-in Partiya olaraq verdiyi qərarların heç birində partiyaya və onun Liderinə utanc gətirəcək heç bir fakt yoxdur. Maraqlananlar gəlib tanış ola bilərlər.

AMİP və Etibar Məmmədov hər zaman Azərbaycan dövlətçiliyinin keşiyində durub və bu gün də bu xətti davam etdirir. Bu da sirr deyil ki, o zaman partiya daxilində hadisələrə münasibət birmənalı olmayıb. O zaman fərqli mövqedə olanlar partiya sıralarından istefa veriblər və bu gün də onlardan hakimiyyətin yuxarı eşalonlarında təmsil olunanlar var. Amma heç həmin şəxsləri də tutduqları mövqeyə görə ittiham etmək olmaz. Ən azından bir üzlü olduqlarına görə.

Bəylər! Bəsdir bu qədər yalan, şər və böhtanlar yağdırdınız! Öz gözlərinizdə artıq irinləmiş tirləri görməyib başqalarında tük axtarmaq yetər artıq. Etiraf edin! Etiraf böyüklük əlamətidir. Bəlkə bu Xalq sizi bağışlayar. Əgər səhvlərinizi, günahlarınızı etiraf edə bilmirsinizsə heç olmasa o zaman hadisələrə təsir etmək gücündə olmayan minlərlə ləyaqətli cəbhəçilər kimi susun.

Tezis.az