“Bəzən AMİP-i iqtidarın kadr bazası da adlandırıblar”

Azərbaycan müxalifəti intellektual bazasını itirmə dövrünü yaşayır. Bu hal uzun illlərdir ki, davam edir. Əvvəllər aparıcı müxalif qurumların rəhbərliyində ölkədə kifayət qədər nüfuz sahibi olan alimlər, tanınmış ziyalılar, politoloqlar təmsil olunurdular. İndi bundan əsər-əlamət yoxdur. Bu da haqlı olaraq, çoxsaylı suallara yol açır.

Siyasi partiyaların bazalarını bu qədər itirmələrinin səbəbləri barədə ən müxtəlif versiyalar, fikirlər irəli sürülür. Demokratik düşərgənin uzun illərdir ki, uğursuzluq yaşamasının kökündə duran amillərdən biri kimi intellektual bazanın qıtlığı göstərilir. Burada günahkarların kimlər olduğu barədə isə yetkin bir fikir yoxdur.

Arzuxan Əlizadə: "Bəzən AMİP-i iqtidarın kadr bazası da adlandırıblar”

Yuxarıda qeyd etdiyimiz problemləri yaşayan AMİP-in sədr əvəzi Arzuxan Əlizadə: "Bildiyiniz kimi, AMİP müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyasıdır. Partiya quruculuğunda Etibar Məmmədov və ölkənin müstəqilliyinin əldə olunmasında xüsusi xidmətləri olmuş siyasilərlə yanaşı Elmlər Akademiyasının prezidentindən tutmuş digər tanınmış elm və incəsənət xadimlərinə, ziyalılara, müxtəlif səviyyəli ixtisas sahiblərinə, iş adamlarınadək bir çox şəxslər yaxından iştirak ediblər. Sonradan həmin şəxslər uzun müddət partiya rəhbərliyində təmsil olunublar. Zaman keçdikcə bu şəxslərin bir hissəsi siyasi baxışlarının dəyişməsi səbəbindən, bir hissəsi öz potensialını ölkə quruculuğunda realizə etmək məqsədilə, başqa bir hissəsi iqtidar düşərgəsində təmsil olunmağa üstünlük verdikləri səbəbindən partiyanı tərk ediblər. Belə şəxslərin sayı o qədər çoxdur ki, hətta bu mənada bəzən AMİP-i iqtidarın kadr bazası da adlandırıblar. Əlbəttə ki, hər bir siyasi təşkilat öz mütəxəssisləri və intellektual potensiala malik üzvlərinin çoxluğu ilə güclü olur. Bu anlamda müxalif düşərgənin belə potensiala sahib olması heç şübhəsiz ki, uğur qazanmağın da əsası ola bilərdi. Amma təəssüf ki, müəyyən bir dövr kəsimində təkcə müxalif düşərgədən deyil, həmçinin ölkədən beyin axını olub ki, bu da ümumilikdə ölkə üçün xoşagələn hal sayıla bilməz. Mən bu vəziyyətin yaranmasına digər amillərlə yanaşı uzun müddət ərzində normal siyasi mühitin və bərabərhüquqlu siyasi münasibətlərin formalaşmamasının da səbəb olduğu qənaətindəyəm”.Yeni Müsavat