Bir çox köhnə stereotipləri sındırılmaq lazımdır

Prezident Administrasiyasının rəhbəri postu xeyli dərəcədə siyasi post sayılır. Ramiz Mehdiyev həmin postu tutduğu dövrdə ölkə idarəçiliyində, siyasi münasibətlər sisteminin formalaşmasında mühüm təsirə malik olub. İndi bu posta siyasi proseslərdə, keçmişdə müxalifətlə siyasi qovğalarda iştirak etməyən, siyasi konfliktlərə qoşulmayan fiqur təyin edilib.

Müxalifət düşərgəsi belə bir kadrla siyasi münasibətlər sisteminin daha yaxşı qurulacağına ümid edirmi?

AMİP Siyasi Şura üzvü Əli Orucov isə bildirdi ki, Ramiz Mehdiyevdən fərqli olaraq yeni dönəmdə PA rəhbərinin funksiyalarının icrası daha çox texniki və əlaqələndirici ola bilər: "Əvvəlki rəhbər partokrat idi, partiya-siyasi işləri bilirdi və böyük təcrübəyə malik idi. Samir Nuriyev isə daha çox texnokratdır və onun qərarların verilməsində, siyasi kursun müəyyənləşdirilməsində və yönləndirilməsində Ramiz Mehdiyev qədər iştirakının olub-olmayacağını yaxın gələcəkdə görəcəyik.

Müxalifətə münasibətə gəlincə, bu, Samir Nuriyevin baxışları, yanaşmaları ilə deyil, ali siyasi rəhbərliyin mövqeyi ilə müəyyənləşməkdə davam edəcək. Bu, həm də ölkədə və regionda gedən proseslərin gedişatından asılı olacaq. Bundan sonra PA-nın rəhbərinin siyasi proseslərin fəal iştirakçısı və şəkilləndirici şəxs olacağı ehtimalı çox azdır. Azərbaycan iqtidarının fəaliyyətini müasir dünyanın və dövrün istək və tələblərinə uyğun şəklidə qurmaqdan başqa yolu yoxdur. Bu yolda müxalifətlə normal münasibətlərin qurulması da var, insan hüquq və azadlıqlarına hörmət edilməsi də. Hər halda könül istərdi ki, Azərbaycanda müxalifətə düşmən yox, rəqib, opponent və ən nəhayət, vətəndaş kimi yanaşılsın.

Amma bununla belə, prezident öz ətrafına savadlı, enerjili, çağdaş dünya ilə ayaqlaşa bilən, Qərb mədəniyyətinə, idarəçiliyinə və yaşam tərzinə bələd olan geniş düşünə bilən gənc kadrları toplayırsa, onlara sərbəstlik versə, üzərilərinə məsuliyyət qoysa müəyyən uğurlu nəticələr qazanmaq olar. Hər halda ümid edirəm ki, Samir Nuriyevin PA rəhbərliyinə təyinatı bir çox köhnə stereotipləri sındıra biləcək və iqtidar-müxalifət konfrantasiyasına deyil, iqtidar-müxalifət əməkdaşlığına, münasibətlərin normallaşdırılmasına və sivil, demokratik məcraya yönəldilməsinə öz töhvəsini verəcək".
"Yeni Müsavat”