“Demokratiyanın tapdanmasına görə Azərbaycan “lider” ölkələrdən biridir”

Sonuncu Əfv Fərmanı və Mayın 28-də Azərbaycan Cümhuriyyətinin yaradılması ilə bağlı imzalanan Amnistiya Aktı ilə minlərlər insanın, o cümlədən, adı siyasi məhbus siyahısında olan şəxslərin azadlığa buraxılması yerli və beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılandı. Bu, həm də ictimaiyyətdə müəyyən ümidlər doğurdu ki, daha Azərbaycanda qanunsuz, sifarişli həbslər olmayacaq. Amma ötən ay iki gəncin - Bayram Məmmədov və Qiyas İbrahimovun həbsi ümidləri alt-üst etdi. Gənclərin həbsi Azərbaycanda insan hüquqları ilə bağlı durumun hələ də yaxşılaşmadığını göstərir.

İnsan haqlarının durumunu qiymətləndirmək üçün Demokratik İnteqrasiya Assosiasiyasının sədr müavini Rəşad Ələkbərovla söhbətləşdik.

- Rəşad bəy, Azərbaycanda insan haqlarının vəziyyətini necə qiymətləndirirsiz?

- Bütün beynəlxalq təşkilatlar, nüfuzlu xarici qurumlar Azərbaycanda demokratiya və insan haqları ilə bağlı hazırladıqları hesabatlarda durumun ürəkaçan olmadığını bəyan ediblər. Human Right Watch, Beynəlxalq Amnistiya Təşkilatı, ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti Azərbaycanda hələ də qanunsuz həbslərin olduğunu, insanların düşüncələrinə, siyasi dünya görüşlərinə görə təzyiqə məruz qaldıqlarını bəyan ediblər. Bütün bu hesabatlar, bəyanatlar dərin araşdırma və monitorinqlərdən sonra ictimaiyyətə açıqlanıb. Azərbaycandakı prosesləri dərindən izləyən bir şəxs kimi mən də bütün bunların şahidi olmuşam. Sonuncu dəfə iki gəncin qanunsuz həbsi məni sarsıtdı. Hesab edirəm ki, bu cür həbslər dövlətə başucalığı gətirməyəcək. Əksinə hakimiyyətə qarşı təzyiqləri gücləndirəcək.

- Siz yəqin ki, heykəlin üzərinə yazı yazdıqları üçün həbs olunan Bayram Məmmədov və Qiyas İbrahimovu nəzərdə tutursuz.

- Bəli. Dünyanın heç bir ölkəsində heykəlin üzərini yazdığı üçün heç kəsi mühakimə etmirlər. Mayın 11-də həbs edilən Bayram Məmmədov və Qiyas İbrahimovun vəkilləri Elçin Sadıqov gənc fəalların tutulduqları və polis məntəqələrində saxlandıqları zaman işgəncəyə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalmaları barədə məlumat yaydı. Bu məlumatdan mən narahat oldum. Məlumatda qeyd olunurdu ki, 1 saylı Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra Bayram Məmmədov və Qiyas İbrahimov Təcridxananın əməkdaşlarına işgəncə izlərini göstərdikdən sonra onlara bildirilib ki, həkim çağırıb müayinə edəcəklər. Lakin bugünə qədər gənclər həkim müayinəsindən keçirilməyiblər. Həm Azərbaycan qanunvericiliyində, həm də ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdə işgəncələrə məruz qalmamaq hüququnun mütləqliyi ilə bağlı prinsipi və işgəncə barədə şikayətləri təxirəsalınmadan və obyektiv araşdırmaq öhdəliyi var. Heç bir hal insanlara işgəncə verilməsinə, onların ləyaqətini alçaldan rəftara məruz qalmalarına əsas ola bilməz. Azərbaycan hökuməti BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatların hesabatlarında, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin işgəncələrlə bağlı şikayətlər üzrə qərarlarının icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrinin yerinə yetirilməsi istiqaməsində təcili və real tədbirlər görməlidir.

- Həbs yerlərində işgəncə faktlarının olması nə ilə bağlıdır?

Hesab edirəm ki, əgər bir ölkədə qanunsuz həbs varsa, orada işgəncə faktı var. İşgənclər bir qayda olaraq qisas, şəxsi yalan ifadə yazmağa məcbur etmə ilə bağlıdır. Azərbaycanda saxlanma yerlərində işgəncənin bir neçə növü var və bu barədə zaman-zaman ictimaiyyətə məlumat verilib, hesabatlar hazırlanıb. Saxlanılan şəxsə qarşı qeyri-insani rəftar bütün beynəlxalq qurumlar tərəfindən kəskin pislənilir. Açıqlanan faktlar, təqdim olunan sübutlar göstərir ki, Azərbaycan saxlanc yerlərində işgəncə faktına görə, dünyanın "qabaqcıl” ölkələrindən biridir. Azərbaycanda məhbuslara verilən işgəncə qisasçılığı ilə daha çox fərqlənir. Məsələn, həbsdə olan və saxlanma yerinə gətirilən şəxslərə işgəncə vermək üçün bəhanələrdən biri də onların siyasi dünyagörüşləri göstərilir. Halbu ki, polis üçün saxlanan şəxsin siyasi mövqeyi əhəmiyyət kəsb etməməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan həbsxanalarına yerli və beynəlxalq marağın, nəzarətin artmasına baxmayaraq həbs yerlərində saxlanılan şəxslərə qarşı insan ləyaqətini alçaldan hərəkətlər, zorakalıq və işgəncə halları azalmaq əvəzinə artan xətt üzrə davam edir. Zənnimizcə bunun başlıca səbəbi cəzasızlığın hökm sürməsidir. Cəzasızlıq isə qanunların işləmədiyi yerlərdə baş verir.

- Azərbaycan hakimiyyəti insan haqlarının yaxşılaşması istiqamətində islahatlar aparmaqda maraqlı görünürmü?

- Qanun üzərində Azərbaycan vətəndaşlarına hər cür azadlıq verilib. Bizim qanunlar dünyanın qabaqcıl ölkələrinin qanunlarından heç də fərqlənmir. Amma qanunlar icra olunmur, praktikada insan haqlarına hörmət qoyulmur. Əgər yaxın vaxtlarda bütün siyasi məhbuslar azadlığa buraxılmasa bu hakimiyyətin mahiyyətinin dəyişməz olduğunu göstərəcək.