ABŞ Prezidenti Donald Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb. Lakin o, hələlik şurada hansı ölkələrin iştirak etdiyini bildirməyib.
İngiltərənin “Teleqraf” qəzeti isə iddia edir ki, “Sülh Şurası”na Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyədən nümayəndələr daxil olacaq.
Bəs bu ölkələr doğrudanmı belə bir qurumda iştirak etməyə razılıq verəcəklər və bu şura Qəzza problemini həll edə biləcəkmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirdi ki, Qərb ölkələri - Böyük Britaniya, Fransa, Almaniya və İtaliya prinsip etibarilə Qəzzada münaqişədən sonrakı mərhələdə beynəlxalq nəzarət və yenidənqurma ideyasına müsbət baxırlar:
"Bu dövlətlər artıq humanitar yardım, bərpa və siyasi keçid məsələlərində fəallıq göstəriblər. Lakin onların razılığı avtomatik deyil. Bu ölkələr üçün əsas şərt şuranın beynəlxalq hüquqa uyğunluğu, BMT mexanizmləri ilə ziddiyyət təşkil etməməsi və İsrail-Fələstin münaqişəsində balanslı mövqenin qorunması olacaq. Əks halda, “xarici idarəçilik” təəssüratı yaradan model Avropa ictimai rəyində ciddi tənqidlərə səbəb ola bilər.
Səudiyyə Ərəbistanı, Qətər və Misir kimi regional aktorlar üçün isə məsələ daha həssasdır. Misir Qəzza ilə birbaşa sərhədə malik olduğu üçün təhlükəsizlik və qaçqın riski baxımından prosesdə iştirak etməyə məcburdur. Qətər artıq uzun müddətdir Qəzzada maliyyə və humanitar vasitəçi rolunu oynayır. Səudiyyə Ərəbistanı isə regional liderlik iddiasını gücləndirmək və ABŞ ilə münasibətlərində siyasi dividend qazanmaq baxımından belə bir şuraya maraq göstərə bilər".
Müsahibimiz əlavə etdi ki, bu ölkələrin hamısı Fələstin ictimai rəyini və HƏMAS amilini nəzərə almağa məcburdur:
"Əgər şura fələstinlilərin iradəsindən kənar bir struktur kimi təqdim olunarsa, ərəb dövlətlərinin iştirakı ciddi daxili və regional təzyiqlərlə üzləşə bilər. Türkiyənin mövqeyi də xüsusi diqqət tələb edir. Ankara özünü Fələstin məsələsində prinsipial və humanitar mövqedə olan aktor kimi təqdim edir. Türkiyə bu şuraya yalnız o halda qoşula bilər ki, qurum Qəzzanın gələcək siyasi statusunu fələstinlilərin özlərinin müəyyən etməsi prinsipini qəbul etsin və İsrailin birtərəfli üstünlüyünə xidmət etməsin. Eyni zamanda, gələcək mərhələdə şuranın tərkibinin genişlənməsi də mümkündür. Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Küveyt kimi ölkələr, eləcə də BMT və onun ixtisaslaşmış qurumları prosesə cəlb oluna bilər. Bu, şuraya daha çox legitimlik və beynəlxalq qəbul qazandıra bilər. Odur ki, “Sülh Şurası” ideyası kağız üzərində geniş beynəlxalq konsensus təsiri bağışlasa da, onun real həyata keçməsi iştirakçı ölkələrin siyasi şərtlərindən, regional balansdan və ən əsası, fələstinlilərin mövqeyindən asılı olacaq. Əks halda, bu təşəbbüs effektiv idarəetmə mexanizmindən daha çox, simvolik və mübahisəli siyasi layihə kimi qalma riski daşıyır".