Dünya bazarında neftin ucuzlaşması Azərbaycanda da böhran dalğasını sürətlə yaxınlaşdırır

Artıq bir neçə həftədir ki, Ermənistanda sosial tələblərlə keçirilən aksiyalar davam edir. Qəribədir ki, Azərbaycanda da sosial vəziyyət kifayət qədər ağır olsa da, ölkə vətəndaşları öz etirazlarını meydanlara daşımaqda maraqlı görünmür.

Maraqlıdır, Azərbaycan insanını kütləvi etirazlardan çəkindirən nədir? Niyə insanlar öz narazılığını Ermənistandakı kimi açıq və qətiyyətli şəkildə ifadə etməkdən çəkinirlər? Niyə susuruq – problemimiz azdır, yoxsa cəsarətimiz?

Moderator.az xəbər verir ki, "Hürriyyət” qəzetinə açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov hesab edir ki, bu gün Ermənistandakı durumun daha acınacaqlı olduğu kimsəyə sirr deyil:

"Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycandakı vəziyyətlə Ermənistandakı müqayisə etmək xətalı olardı. Cənubi Qafqazın 3 ölkəsində ən acınacaqlı, ən ağır durumda olan ölkə Ermənistandır. Bu ölkə yürütdüyü işğalçılıq siyasəti səbəbindən blokadadadır. Özünü tədric və tam asılı vəziyyətə salıb. Gündəlik zəruri mallar və ərzaq məhsulları, enerji daşıyıcılarının qiymətləri günbəgün artır. Sosial vəziyyət partlayış həddindədir. Üstəlik də gizli polisin və güc strukturlarının qorxunc varlığı vəziyyəti ağırlaşdırır. Sarkisyan xuntası bıcağı sümüyə dayayıb. Ermənistanda insanlar həm yarıac, həm asılı, həm də siyasi basqılar altında yaşamağa məcbur ediliblər”.

Ə.Orucov Ermənistandakı aksiyaların ardıcıl və mütəşəkkil keçməsində Qərbin də mühüm rol oynadığına diqqət çəkdi:

"Ermənistandaki kütləvi aksiyaların yenidən başlamasının bir səbəbi də xarici faktorlarla bağlıdır. ABŞ və Qərb Rusiyanın təsir dairələrini və çevrəsini məhdudlaşdırma projelərində Ermənistan da yer alır.

Azərbaycana gəlincə isə mənzərə tamam başqadır. Azərbaycanda Ermənistanda olduğu kimi sosial-iqtisadi problemlər dərində deyil. Neft-qaz ixracından gələn milyardlar hesabına hökümət sosial-iqtisadi və siyasi münasibətləri tənzimləyə bilir. Siyasi sistem və siyasi sitemin subyektlərini, sosiallaşmanı nəzarətdə saxlayır. Beynəlxalq təzyiq də o qədər yoxdur. Tələb olunmur ki, aydın mövqe ortaya qoyulsun. Xarici faktorlar da yoxdur. Marqlı oyunçular və ssnenaristlərin Azərbaycanda gərginlik yaratmaq, yaxud da kardinal dəyişikliklər etmək ssenarisi hələ ki, yoxdur. Ona görə də Azərbaycanda həm siyasi, həm də sosial fəallıq çox zəifdir. Azərbaycanda da çox ciddi problemlər mövcudddur, korrupsiya, rüşvətxorluq, dövlət əmlakını mənimsəmə qohumbazlıq, monopoliya, gizli iqtisadiyyat, hakimiyyət qollarının qeyri-legitimliyi və s. Lakin yuxarıda sadaladığım faktorlar səbəbindən Azərbaycanda sadaladığım bu eybəcərliklər partlayıb və dərin böhran həddi yaratmayıb. Bununla belə dünya bazarında neftin ucuzlaşması Azərbaycanda da böhran dalğasını yaxınlaşdırır. Özü də sürətlə”.