AMİP Mərkəzi Şura üzvü, "Millət" qəzetinin baş redaktoru Əli Orucov "Bakı Xəbər qəzetinin baş redaktoru Aydın Quliyevə məktubla müraciət edib. Müraciətdə deyilir:
Hörmətli Aydın bəy
"Bakı Xəbər” qəzetinin 30 oktyabr 2014-cü il tarixl, 2921-ci sayında "Azərbaycanlı deputatdan dövlətin beynəlxalq imici ilə uyuşmaz bəyanat...” başlıqlı yazi işıq üzü görmüşdü. Həmin yazıda mənə istinad edilən bəzi fikirlər təhrufə məruz qalaraq, deyildiyi kimi öz əksini tapmamışdır.
Diqqətinizə çatdırmaq istərdim ki, ölkədə seçkilərin qeyri-demokratrik və total saxtakarlıqla keçirildiyini, parlament üzvlərinin böyük əksəriyyətinin seçilməyərək təyinat aldığını demişəm və bu fikiri konkret olaraq millət vəkili Qalib Salahzadəyə aid etməmişəm. Qalib Salahzadənın "məsuliyyətsiz çıxışı” sözləri də mənə məxsus deyil. Eyni zamanda mən onu da bildirmişəm ki, "bələdiyyələrlə və bələdiyyə seçkiləri ilə bağlı parlamentdə səsləndirilən fikirlərin həqiqətə söykəndiyini təsdiqləsəm də, məqalədə bunlar konteksdən çıxarılıb və "Sözsüz ki, bu cür fikirlərin qanunverici orqanda səsləndirilməsi Azərbaycanda keçirilən seçkilərin legitimliyi barədə beynəlxalq arenada mənfi rəy yaratmış olur" kimi çap olunub.
Bununla da elə görüntü yaranıb ki, beynəlxalq aləmdə mənfi rəyin yaradılması Qalib Salahzadənin parlamentdəki çıxışı səbəb olur.
Ona görə də sizdən xahiş edirəm:
Yuxarda sadaladığım iradları nəzərə alaraq qəzetinizin növbəti sayında mənim adımdan ifadə olunmuş yanlış fikirlərə aşağıdakı kimi düzəliş edəsiniz:
"Həqiqətən də, təkcə Bakı bələdiyyələrinin deyil, ümumilikdə Konstitusiyamızda təsbit olunduğu kimi yerliözünüidarəetmə qurumları ilə dövlətə məxsus torpaqların bölgüsü və xəritəsi olmadığından zaman-zaman ciddi problemlər ortaya çıxır. Eyni zamanda mülkiyyət bölgüsü prinsiplərinə də əməl edilmir. Ona görə də bir sıra cinayətlər buradan qaynaqlanır.
İcra
strukturlarının bələdiyyələrin fəaliyyətinə kənar müdaxilələri, öz təsirləri altında saxlamaları bu vacib
demokratik institutun inkişafına və imicinə böyük əngəllər törədir. Heç kəsə
sirr deyil ki, ölkədəki seçkilər, o cümələdən də, bələdiyyə seçkiləri idarə
olunan halda keçirildiyindən bu quruma da maraq az olacaq. Bu baxımdan da Hacı
Qalibin söylədikləri "
Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr
yalandandır" ,"Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat
bilir. Sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə imkan vermirlər", kimi
fikirlərində qeyri-adi bir şey yoxdur. Yaranmış
bu cür vəziyyət isə təbii ki, beynəlxalq aləmdə Azərbaycanın imicinə təsir etməyə
bilməz.”
Təkziblə bağlı edilən bu müraciəti təəssüf ki, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev rəhbərlik etdiyi qəzetdə işiqlandırmağı uyğun hesab etməmişdir. Hər kəsin yanlışlığı ola bilər, amma bu yanlışlığı düzəltmək qəbahət sayılmamalıdır.