Güclü müxalifət həm də hakimiyyətin güclənməsinə təkan verir


Prezident İlham Əliyev noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 ilik yubileyində geniş çıxışında Azərbaycanda müxalifətin durumu, yeni müxalifətin yaranmasının lazım olduğu haqda olduqca diqqətçəkən fikirlər səsləndirdi. Prezident qeyd etdi ki, bu gün müxalifət düşərgəsində boşluq yaranıb və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar. Ona görə də sağlam müxalifət yaradılmalıdır - dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən.

İlham Əliyevin bu mövqeyini davam etdirən fikirlərini prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da özünün facebook səhifəsində xüsusi məqaləsində yazıb. Əli Həsənov qeyd edib ki, prezidentin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlardakı fikirləri, ritorikası, səsləndirdiyi qətiyyətli çağırışlar, həm sağlam əqidəli opponentlərimizə, həm hər iki düşərgənin islahat müəlliflərinə, həm də bu istiqamətdəki müzakirələrə könülsüz qoşulan siyasətşünaslara ciddi düşünmək üçün xeyli mövzu verir.

Bəs yeni müxalifət necə formalaşa bilər? Parlamentdə konstruktiv müxalifət adlanan partiyalar da var. Prezidentin bəyanatını onlara da aid etmək olarmı?


AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirdi ki, prezident son günlər etdiyi ardıcıl çıxışlarında həm cəmiyyətə, həm də iqtidarın özünə çox ciddi və vacib mesajlar verdi: "Prezidentin toxunduğu əhəmiyyətli məsələlərdən biri də xarici basqılar və yeni müxalifətin formalaşdırılmasıdır. Dəfələrlə vurğulanıb ki, müxalif siyasi partiyaların sıradan çıxması ölkənin dayanıqlarına təhlükə yaradır. Çünki siyasi təsisatların apardığı mübarizə uğurlu, ya uğursuz sivil normalara əsaslanır və demokratik çərçivədən kənara çıxmır. Eyni zamanda siyasi partiyaların güclü olması cəmiyyətin və ictimai nəzarətin güclü olması deməkdir, siyasətin və siyasi proseslərin normal məcrada getməsi, hakimiyyətin, hakimiyyət qollarının sağlam təməllər üzərində qurulması deməkdir. Güclü müxalifət həm də hakimiyyətin güclənməsinə təkan verir. Amma bu gün mənzərə acınacaqlıdır desək, yanılmarıq. İnsanların da seçim imkanları olmadığından siyasətə və siyasi düşərgələrin təqdim etdikləri siyasi və intellektual məhsullara maraq göstərməyərək, biganə münasibət sərgiləyirlər. 

Ona görə də dövlətinə biganəlik, öz gələcəklərinə, öz talelərinə, hakimiyyət qollarına biganəlik hökm sürməkdədir. Belə boşluqları da adətən radikal və müxtəlif təmayüllü ünsürlər tutur. Onların meydanı genişlənir, hakimiyyətə qarşı qəzəbli kütlə onların oyunbazlıqlarının və mübarizə üsullarının təsir dairəsinə düşür. Necə ki, artıq bu təhlükəli qüvvələr Azərbaycanda ayaq açmaqdadırlar. Görünür, ölkə başçısı bu təhlükələri artıq çox aydın şəkildə görməkdə və hiss etməkdədir. 

Hesab edirəm ki, Azərbaycanda sağlam qüvvələr var. Lakin onlara şərait və imkan yaradılmalıdır. Yeni müxalifəti toplum özü yaratmalı və formalaşdırmalıdır. Süni şəkildə yaradılan və konstruktiv adlandırılan müxalifətin isə işə yaramadığı artıq təsdiqlənib. Təcrübə göstərdi ki, yeni konstruktiv müxalifət ideyası hakimiyyətdən yox, cəmiyyətin içərisindən və siyasi proseslərin axarından doğmalıdır. Məncə, prezident İlham Əliyevin dediyi kimi, dövlətçiliyə sadiq, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən yeni müxalifətin yaradılmasının yeganə yolu demokratik, ədalətli və şəffaf seçkilərdən keçir. Parlament seçkiləri isə ən yaxşı şans yaradır”."Yeni Müsavat”