Gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək müxalif partiyalar namizədlərini açıqlamaqda davam edirlər. Diqqət yetirəndə bəzi dairələrdə müxalif iddiaçıların toqquşduğunu görürük. Bu cür halların qarşıdakı günlərdə də davam edəcəyini indidən söyləmək olar.
Bununla əlaqədar siyasi partiyaların nələr edəcəkləri, anlaşmaya gedib-getməyəcəkləri indidən suallar doğurur.
Məlumat üçün bildirək ki, 15 saylı Yasamal I Seçki Dairəsindən həm ADP sədri Sərdar Cəlaloğlu, həm də AMİP-in beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev namizəddir. Hər iki şəxsin də mövqeyini öyrəndik.
Elşən Mustafayev: "Kimsə oradan təyin ediləcəyini düşünüb namizəd olursa...”
E.Mustafayev müxalif rəqibinə söz atdı: "Heç olmasa, nisbətən azad və şəffaf seçki keçiriləcəyi halda, insanlar namizədə hansısa partiyanın nümayəndəsi olmasına görə yox, əsasən onun özünə görə səs verirlər. Majoritar qaydada keçirilən seçkilərə insanların yanaşması fərqlidir. Əsasən onlar namizədi seçəndə hansı partiyanın nümayəndəsi olduğuna görə yox, daha çox başqa parametrlərə görə müəyyən edirlər. Burada əsas faktorlar namizədin həmin ərazidə müsbət mənada tanınması, məişət səviyyəsinə qədər onlara yaxın olmasıdır. Onsuz da seçicilər parlament üzvünün hansısa köklü dəyişikliklər etmək gücündə olmadığını yaxşı bilirlər. Səsverməyə isə sırf həmin namizədin, onun yaxınlarının, qohumlarının, dostlarının xahişi ilə gedirlər. İndiki zamanda həqiqətən seçilmək istəyən namizəd bu amilləri nəzərə alıb dairəsini müəyyən etməlidir. Mən 3- cü dəfədir ki, 15 saylı Yasamal I Seçki Dairəsindən namizədliyimi verməyə hazırlaşıram. Bu seçimimdə mənim üçün əsas məsələ partiya mənsubiyyətim olmayıb. İstinad etdiyim səbəblər dünyaya gələn gündən həmin ərazidə yaşamağım, orta məktəbi orada oxumağım və bu günə qədər hələ də orada yaşamağımdır. Bu isə uşaqlıq dostları, məktəb yoldaşları, onların dostları, qohumları yaxınları deməkdir. Ondan sonra bunların üstünə həmin dairədə yaşayan partiya üzvləri əlavə olunur. Ona görə də hesab etmirəm ki, o ərazi ilə bağlılığı olmayan hansısa müxalif siyasətçinin oradan namizəd olması mənə narahatlıq yaratsın. Əslində o, özü narahat olmalıdır. Yox əgər kimsə oradan təyin ediləcəyini düşünüb namizəd olursa, o başqa məsələ. Qaldı ki, müxalifət qüvvələrin dairələr üzrə razılaşıb vahid namizəd irəli sürmələrinə, bu ilk baxışda yaxşı ideyadır. Amma eyni zamanda, mümkünsüzdür. Çünki siyasi partiyaların əksəriyyətinin imkanlarından böyük ambisiyaları buna hər zaman mane olub. Mən 15-ci dairədən namizəd olmaqla bağlı qərar verərkən hər bir amili nəzərə almışam. Bilirəm ki, buradan başqa müxalifət partiyaları da namizəd verəcək, hakim partiya namizədi məsələsi də bir ayrı məsələdir. Lakin bayaq dediyim kimi, normal seçkilər keçirilməsinə nail olarıqsa, yuxarıda sadaladığım səbəblərə görə seçiləcəyimə əminəm. Digər namizədlərin olmasını da normal qəbul edirəm və narahat da deyiləm”. /Yeni Müsavat/