Qərbə ipə-sapa yatan, idarə olunan bir ölkə lazımdır

Rusiyalı ekspert, tanınmış jurnalist Yevgeni Kiselyov deyib ki, hələlik Rusiya öz birliyini qoruyub saxlaya bilir. Amma ölkədə bir neçə region var ki, yerli elita tərəfindən həmin bölgələrdə böyük risklər yarana bilər. Kiselyovun sözlərinə görə, Rusiya üçün ən böyük problem Şimali Qafqaz, Primorye və Uzaq Şərqdə yarana bilər:

"Şimali Qafqaz yenidən alovlanacaq. Rusiyanın Primorye, Uzaq Şərq kimi regionları ilə nə zamansa problemlər yaranacaq. Çünki bu yerlərin özünə uyğun ənənəsi var. Hazırda Yaponiyadakı iqtisadi vəziyyət Uzaq Şərq insanı üçün ondan minlərlə kilometr uzaqda yerləşən Moskvada baş verənlərdən daha önəmlidir”. Ekspertin sözlərinə görə, Tatarıstan, Başqırdıstan, həmçinin, bir sıra Şimali Qafqaz respublikalarında da təhlükələr gözlənilir. Bəzi politoloqlara görə, Qərbin niyyəti Rusiyanı daxildən parçalamaqdır. Bu baxımdan perspektivdə adıçəkilən yerlərdə ciddi problemlərin yaranacağını iddia edirlər. Ancaq bunun əksini düşünənlər də var.

Mövzu ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Əli Orucov düşünmür ki, Qərbin istəyi Rusiyanı parçalamaqdır. Onun fikrincə, Qərb heç o vaxt SSRİ-nin parçalanmasını da planlaşdırmayıb. Lakin proseslərin sürəti, xarakteri və dinamikası başqa yön aldı, mərkəzdənqaçma meyilləri qarşısıalınmaz oldu: "Qərb Rusiyanın parçalanmasından daha çox onun zəiflədilməsini və idarə olunan hala gəlməsini istəyir. İndiki Rusiya isə ipə-sapa yatmayaraq Qərbə meydan oxuyur. Çoxqütblü dünya düzəninə can atır. Rusiya Çinlə Qərb arasında bufer və ya təhlükəsizlik zolağıdır. Federasiyanın dağılması Çinin Qərbə ekspansiyasını sürətləndirə bilər. Eyni zamanda Rusiyanın nüvə dövləti olması da narahatvericidir. Qərb yaxşı anlayır ki, Rusiya parçalanarsa, müsəlman və türk dövlətlərinin sayı artacaq. Bununla da Qərbdə qüvvələr nisbəti pozulacaq. Həmçinin, heç kim zəmanət verə bilməz ki, həmin müsəlman dövlətlərində islam ekstremizmi cücərib yayılmayacaq”.

Analitik bildirib ki, Uzaq Şərq regionu iqtisadi və ticari cəhətdən Çinə və Yaponiyaya sıx bağlıdır: "Bu dövlətin təsir imkanları günü-gündən artmaqdadır. Xüsusən də Çin daha fəaldır. Rusiyanın təbii resursları ilə zəngin olan bu regionda Çinin və Yaponiyanın böyük kapitalı var. Orada demoqrafiq vəziyyət Çinin xeyrinə dəyişib. Şimali Qafqaza gəlincə isə burada da körfəz ölkələrinin və Türkiyənin təsiri hiss olunacaq dərəcədədir. Tatarıstanda və Başqırdıstanda müstəqillik meyilləri var. Amma bütün bunlar heç də Rusiyanın tezliklə dağılacağı demək deyil. Moskva hər cür tədbirlərə əl atacaq ki, sərhədlərini və bütövlüyünü qoruya bilsin. Putini bu baxımdan qarşıda çox ciddi sınaqlar gözləyir”.