Sərhədlərin açılması rəsmi Bakının tutacağı mövqeyindən asılı olacaq

"Hürriyet” qəzetinin yazarı Fatih Çekirgen Türkiyənin Ermənistanla sərhədlərini aça biləcəyini dair məqalə yazıb. Jurnalistin iddiasına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iyulun 14-15-də Azərbaycana səfərinin əsas məqsədi bəlkə də bu məsələni müzakirə etmək olub.
Müəllif qeyd edir ki, Türkiyə XİN başçısı Ermənistanla yenidən müzakirələrin başlanması, iki ölkə arasındakı münasibətlərin müəyyən qədər yaxşılaşması, bəlkə də sərhədlərin açılması ilə bağlı Azərbaycan tərəfinin nəbzini yoxlamaq istəyib. "İyulun 15-də ölkədə dövlət çevrilişinə cəhd Türkiyənin xarici siyasətində Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyini arxa plana atıb”.

İsmayıl Alper Coşkun: Ermənistanla münasibətlərin normallaşmasına dair Türkiyənin mövqeyi bəllidir

"Ermənistanla yeni müzakirə” başlıqlı məqaləsində yer alan fikirləri APA-ya şərh edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib ki, Ermənistanla münasibətlərin normallaşmasına dair Türkiyənin mövqeyi bəllidir. Onun sözlərinə görə, münasibətlərin normallaşmasının yolu Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçir. "Ondan sonra bunun hansı formada olacağına Azərbaycanla birlikdə qərar verərik”.
Səfir bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 15-də Bakıda Elmar Məmmədyarovla ikitərəfli, beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri də müzakirə edib: "Mövlud Çavuşoğlu bir daha vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün o qədər önəmlidir. Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində dərhal sülh yolu ilə həllində Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək. Nazirimiz deyib ki, Azərbaycan hansı həll yolunu məqbul hesab edirsə, həmin həll yol Türkiyə üçün də məqbuldur”.

Ermənistanla münasibətlərə gəlincə, səfir Türkiyə xarici siyasət idarəsi başçısının bununla bağlı qəti fikir bildirdiyini düşünmür. "Azərbaycan tərəfi hər zaman bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bölgədəki bütün əməkdaşlıq fəaliyyətlərindən özünü təcrid edir. Bu işğal sona çatdıqdan, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra bölgədə Ermənistanın da daxil olacağı yeni layihələrə zəmin yarana bilər. Nazirimiz də sadəcə Azərbaycanın vurğuladığı bu konstruktiv düşüncəni təkrarlayıb”.

Aydın Mirzəzadə: Azərbaycan-Türkiyə maraqları tamamilə üst-üstə düşür

YAP-çı deputat Aydın Mirzəzadə isə hesab edir ki, Fatih Çekirgenin məqaləsi sifariş əsasında yazılıb. Onun fikrincə, hazırkı situasiyada sərhəd məsələsi gündəmdə deyil. "Hansısa dairələr Türkiyəni Azərbaycanın marağı nəzərə alınmadan Ermənistanla sərhədin açılmasına vadar etmək istəyir. 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə üçün vacib məqamda bu ideyanı onların beyninə salmağa çalışırlar. Müəyyən dairələr var ki, onlar üçün Ermənistan bazarından əldə edəcəkləri bir neçə milyon dollar qazanc milli maraqlardan üstündür”, - deyə deputat "azvision.az”a bildirib.

Mirzəzadə vurğulayıb ki, sərhədlərin açılması hazırda mümkün olan məsələ deyil: "Azərbaycan və Türkiyə strateji müttəfiq, qardaş ölkələrdir. Onların milli maraqları tamamilə üst-üstə düşür. Kimlərinsə şəxsi marağını dövlətin marağına çevirməsi mümkün deyil. Birinci məqam iki dövlətin qardaş olması ilə bağlıdır. Unutmaq lazım deyil ki, Ermənistan işğal edilmiş torpaqlarımızdan kənar, Türkiyənin müəyyən ərazilərinə torpaq iddiaları irəli sürür. Bu, rəsmi şəkildə Ermənistan rəsmilərinin dilində səslənir. Ermənistan prezidenti bir müddət əvvəl bildirmişdi ki, "bizim nəsil Qarabağı aldı, növbəti nəsillər isə Araratdan o tərəfdəki torpaqları almalıdırlar”. Yəni, ermənilər Türkiyənin əhəmiyyətli bir hissəsini ondan qoparmağa çalışırlar. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycan səfərinə gəlincə, bu, ilk növbədə iki dövlət arasında daim maraq doğuran məsələlərin müzakirəsinə yönəlmişdi”.

Əli Oruclu: Sərhədlərin açılması rəsmi Bakının tutacağı mövqeyindən asılı olacaq

Politoloq Əli Oruclunun fikrincə, Türkiyə-Ermənistan sərhədlərinin açılması rəsmi Bakının tutacağı mövqeyindən asılı olacaq. Onun sözlərinə görə, əgər Azərbaycan bu normallaşmaya etiraz etməyəcəksə, o zaman Ankaranın "qonşularla sıfır” projesinin gerçəkləşməsinə ciddi əngəl qalmayacaq. "Görünür, ortada hansısa razılaşmalar var və Bakının əvvəlki kimi kəskin etiraz bildirməməsi də diqqətdən qaçmamalıdır. Məncə, Azərbaycan iqtidarının Rusiya və Türkiyə ilə yaxınlaşması və əlaqələrin bərpasında oynadığı rol, daha doğrusu, vasitəçilik missiyasının müsbət nəticə verməsi regionda gedən proseslərin axarına da təsirini göstərəcək”.

Oruclu onu da qeyd etdi ki, əgər işin içində Azərbaycanı razı salmaq mümkün olsa, o zaman Türkiyə-Ermənistan sərhədi açıla bilər: "Azərbaycan buna iki halda razılq verə bilər: Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, hakimiyyətin davamına təminat almaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin tərəflərin qarşılıqlı güzətlərə getmədən həlli mümkün deyil. Burada birtərəfli güzəştdən söhbət gedə bilməz. Ona görə bu güzəştlərin hər iki cəmiyyətdə ciddi etirazlar doğuracağı şübhəsizdir. Hətta bu o dərəcədə güclü ola bilər ki, hakimiyyətləri silkələyib, məhvə sürükləyər. Bu baxımdan da Rusiya və Türkiyə Ermənistan və Azərbaycan hakimiyyətlərinə qarant vermək şərti ilə sərhədlərin açılması məsələsində birgə razılığa gələ bilərlər”.
Elçin Mirzəbəyli: Sərhədlərin indiki məqamda açılacağını düşünmürəm

Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, məlum iddiaya artıq Türkiyənin xarici işlər naziri və bu ölkənin Azərbaycandakı səfiri aydınlıq gətiriblər. "Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri ilə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmaslarını inkar etmir. Lakin sərhədlərin indiki məqamda açılacağını düşünmürəm” deyən müsahibimiz hesab edir ki, mövcud vəziyyətdə Ermənistanla əlaqələrin inkişafı AKP iqtidarının marağına uyğun deyil.
Mirzəbəylinin qənaətinə görə, bu məsələ ilə bağlı yekun fikri Ərdoğanın Rusiyaya səfərindən sonra demək mümkün olacaq. "Hər şey proseslərin gedişindən, Moskvanın mövqeyindən və münaqişənin həlli ilə bağlı yarana biləcək vəziyyətdən asılıdır”.



Aqil ASLAN