Sıx əməkdaşlığın qurulmasına və etimad mühitinin yaradılmasına zərurət var

Düşərgədəki partiyalarda "hazırda bloklaşmaya ehtiyac yoxdur” fikri kök atıb

Son iki ildə müxalifət düşərgəsində pərakəndəlik hökm sürür. Müxalifət düşərgəsinin böhranlı durumda olmasının kökündə məhz bu pərakəndəlik, bir-birinə qarşı kəskin münasibət dayanır. Təcrübə göstərir ki, müxalifət partiyaları arasında birlik, bloklaşma mövcud olduğu zamanlarda düşərgə daha güclü və proseslərə təsir etmək imkanına sahib olur.

Ekspertlər bildirir ki, bir tərəfdən hakimiyyətin apardığı siyasət nəticəsində bu qurumlar tamam tükənmiş vəziyyətdədirlər, digər tərəfdən, onların zəifləməsində, indiki vəziyyətə düşməsində özlərinin də günahları var. Müxalifət partiyalarının birləşə bilməməsi, bir-birinə az qala düşmən kimi yanaşması onların zəifləməsinə səbəb olan amillərdəndir. Müstəqil siyasi təhlilçilər hesab edir ki, bu gün müxalifətin birləşməsi çox çətindir. Ola bilsin ki, ölkədəki problemlərin fonunda bəzi siyasi qurumlar meydana çıxa bilərlər.

Müxalifət düşərgəsinin tanınmış partiyalarının ortaya qoyduğu mövqe də bunu deməyə əsas verir. AXCP bəyan edir ki, ölkədə yeganə real müxalif partiya məhz odur və müxalifət birliyi isə Milli Şuradır. Başqa birliyə ehtiyac yoxdur.

KXCP, AXP, VİP, Ümid Partiyası, Azadlıq Partiyası, ALDP və digər bir neçə partiya isə "Böhran koalisiyası” adlı məsləhətçi tipli bir format yaradıblar. Onlar da hesab edirlər ki, bu format müxalifət birliyidir.

AMİP Siyasi Əura üzvü Əli Orucov  bildirdi ki, müxalifət düşərgəsində birliyə çox nadir hallarda nail olunub və bunların da ömrü çox uzun çəkməyib. Bloklaşmalar ancaq seçki dönəmlərində olub. Bu birliklər və bloklaşmalar yarananda da əsasən liderlərin iradəsi həlledici rol oynayıb. Odur ki, uğurlu nəticələr verməyib, əksinə müxalifətdaxili gərginliyi bir az da artırılmasına rəvac verib: "Son seçkilərdən sonra qarşıda hansısa seçki prosesi gözlənilmədiyindən və cəmiyyətdə hərəkətlilik müşahidə edilmədiyindən bloklaşma mövzusu aktual deyil hələlik. Amma inteqrasiya meyllərinin artırılmasına, sıx əməkdaşlığın qurulmasına və etimad mühitinin yaradılmasına zərurət var. Çünki müxalifət düşərgəsi o qədər pərakəndədir, o qədər passivləşib ki, bu durumdan birdən-birə çıxmaq müşküldür. Amma hesab edirəm ki, çıxış yolu və işıq ucu var. Yetər ki, ortaya iradə və səmimiyyət qoyulsun".

Müsavat Partiyasına gəlincə, partiyanın Divan üzvü, sabiq deputat İkram İsrafil bildirdi ki, hazırda birlik, blok yaratmasına ehtiyac yoxdur: "Son 20 ildə müxalifət adına fəaliyyət göstərən siyasi partiyaların, ictimai təşkilatların müxtəlif adlar altında birlikləri, blokları olub. Əsasən seçkilər öncəsi belə birliklər yaranıb, fəaliyyət göstərib və seçkilərdən sonra da buraxılıb. Ümumiyyətlə, seçkilərarası dövrlərdə partiyaların hansısa ad altında birlik yaratmasına ehtiyac olmadığını düşünürəm. Hətta hesab edirəm ki, indiki halda birlik yaratmaq zərurəti olsa belə, reallaşması çox çətin olar”. /Yeni Müsavat/