AMİP Lideri Etibar Məmmədovun Milli Azadlıq Hərəkatının öncüllərindən olan Məhəmməd Hatəmi Tantəkinin anadan olmasının 80 illiyi münasibəti ilə
Təbriki
Hörmətli Məhəmməd bəy!
Sizi anadan olmağınızın 80 illiyi münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağılığı və bundan sonrakı ömrünüzün də mənalı keçməsini arzulayıram.
Siz cağdaş Azərbaycan tarixinin bəxş etdiyi nadir simalardansınız. Həyatınızı millətin azadlığı və istiqlalı uğrunda mübarizəyə həsr edərək, dönmədən, yorulmadan ali ideyaların arxasınca getmisiniz. Siz gərgin və fədakar fəaliyyətinizlə illərdən bəri ürəklərə və zehinlərə hakim kəsilən ən böyük arzularımız olan müstəqilliyimizə qovuşmağımızda əvəzolunmaz tövhələr vermisiniz.
Ulu babalarımızdan ən qiymətli əmanət kimi miras qalan Azərbaycanı imperiyanın cəngindən xilas etmək, onu düşmən tapdağından, fitnə-fəsadlarıdan qorumaq çətin olsa da, millətə və xalqa güvənciniz ən çətin sınaqlardan belə Sizi alnıaçıq çıxarıb. Ötən əsrin səksəninci illərinin sonralarına yaxın təməlini qoyduğunuz "Çənlibel” hərəkatı böyüyərək milyonların mücadilə verdiyi Milli Azadlıq Həkətının avanqard qüvvəsinə çevrildi. Yüz minlərlə insan qarşısında meydanlardakı cəsarətli və alovlu çıxışlarınız imperiya və onun yerlərdəki tör-töküntülərinə yönəlik düyünlənən yumruqları daha da möhkəmləndirdi. Sizinlə çiyin-çiyinə addımlayan hər kəs bundan qürur duyur.
Sizin Milli Ordumuzun yaranmasında və ərazi bütövlüyümüzün qorunmasında misilsiz xidmətləriniz olub. Göstərdiyiniz bu böyük xidmətləri və gördüyünüz işlər çağdaş tariximizin şərəfli şəhifəsi olmaqla bahəm, həm də gənc nəslə əyani bir örnəkdir. Gəncliyə məxsus tükənməz enerji və həvəslə yaşınızın bu ahıl çağlarında da demokratiya, haqq, ədalət üçün aparılan mücadilənin yenə də önündəsiniz.
Hörmətli Məhəmməd bəy
Sizi bir daha təbrik edir, Sizə həyatınızı həsr etdiyiniz ideya və arzulara qovuşmağınızı arzulayıram. Arzu edirəm ki, Bütöv, Böyük, demokratik və çiçəklənən Azərbaycanımızın sevincini yaşamaq və paylaşmaq nəsibiniz olsun.
Etibar Məmmədov
AMİP lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini