İntiharlarda dövlət həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır

Probemli kreditlərdən, iqtisadi durğunluqdan dolayı ölkəmizdə baş verən intiharların sayı kəskin şəkildə artmaqdadır. Hansı ki, bu cür olaylar bəzən bütün cəmiyyətlərə xas bir hadisə, bəzi insanların şəxsi faciəsi kimi dəyərləndirir.

Maraqlıdır, ölkəmizdə baş verən intiharlara görə dövlətin məsuliyyət payı varmı? Yoxa bütün bu intiharlar həqiqətən də bir qrup insanın şəxsi faciəsi kimi dəyərləndirilməlidir?

Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov da hesab edir ki, baş verən intiharlara görə dövlət həm hüquqi, həm də mənəvi anlamda məsuliyyət daşıyır:

"İntiharlar ilk növbədə psixi problemlər və zəiflik əlamətidir. İradəcə zəif olanlar problemdən çıxış yollarını ya içlərinə salıb içlərində daşıyır, ya aradan çıxmaqla, ən pis halda isə intiharda görürlər. Bu psixoliji olaraq hər bir fərdin şəxsi xarakterınə bağladır. Lakin dövlətin özü hər bir vətəndaşı üçün məsuliyyət daşıyır.

Vətəndaşla dövlət arasında qarşılıqlı öhdəliklər var və vəzifələr var. Vətəndaşdan bu öhdəlik və vəzifələrin yetirilməsi tələb edilir, bunu yerinə yetirdirlər. Dövlət isə vətəndaş qarşısında götürdüyü vəzifəni yerinə yetirmir. Dövlət özünün qanunvericiliklə vətəndaşa verilən elementar hüquqlarına belə hörmətlə yanaşmır. Və vətəndaş üşün elə mühit, elə şərait yaradır kı, həmin vətəndaş xilas yolu kimi intihara əl atır. Cinayət hüququnda buna intihara sövq etmə, yaxud da intihar həddinə çatdırma kimi başa düşülür. Deməli, bu intiharlarda dövlət həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır”.

Ə.Orucovun sözlərinə görə, intiharların bir çox hallarda məişət problelərindən qaynaqlanmasının özü də dövlətin konstitusiyanın mühüm prinsiplərinin pozduğunu, insanların təhlükəsiz yaşamaq hüququnu təmin edə bilmədiyini göstərir:

"Əsasən də bu intiharlara məişət problemləri üzündən təsadüf edir. Bu da o deməkdir ki, dövlət hətta Ana Yasamızda təsbit edilən hər kəsin təhlükəsiz yaşamaq hüququna qəsd edir. Lakin intiharı çıxış yolu kimi qəbul edən şəxs anlamalıdır ki, bununla ailəsini, yaxınlarını, doğmalarını, hətta öz xalqını çətin və çıxılmaz duruma salır. Tutaq ki, banka olan borcuna görə özünü öldürən şəxsin borcları silinmir. Onun ailəsinə, zamin duranlara, əmlakına yonəldilir. Çünki banklar əksər hallarda verdiyi kreditləri sığortalamır.

Odur ki, həm özünü, həm də başqlarını xilas etmək üçün mübarizə aparmağa, haqsizlığa qarşı etirazını bildirməyə, yumruqları daha möhkəm dirəməyə ehtiyac var. Bu sistem dəyişdirməyə nail olmaqla insanlar həm özünü, həm yaxınlarını, həm xalqını, həm də dövlətini qurtarmış olur. Xilasın aksioması budur”.

Seymur Əliyev