Polis orqanlarında diskriminasiya

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Moderator.az xəbər verir ki, bunula bağlı münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov kişilərlə çiyin-çiyinə əsgər kimi, kişi kimi uzun illər qüsursuz xidmət edən qadın polis əməkdaşlarının yada düşməməsindən təəssüfləndiyini deyib:

Prezident İlham Əliyev Polis günü qabağı Daxili İşlər Orqanlarının bir sıra əməkdaşlarını dövlət mükafatları və yüksək rütbələrlə təltif edib. Hətta Nazir Ramil Usubovun oğlu Raul Usubov da yaddan çıxmayıb. "İgidliyə görə" medalı ilə mükafatlandırılıb. Bəlkə də bu onların doğal haqlarıdır. Lakin bu mükafat alanlar arasında bir nəfər də qadının olmaması təəssüf doğurur. Polis orqanlarında kişilərlə çiyin-çiyinə əsgər kimi, kişi kimi uzun illər qüsursuz xidmət edən qadın polis əməkdaşları nədənsə yada düşməyib. Halbuki Bakı 1-ci Avropa Oyunlarının mərasimlərində, idman arenalarında qızmar günün, istinin altında təhlükəsizliyin keşiyində ayıq-sayıq duran onlarla xanım polis əməkdaşlarına rast gəldim.Onların da bu uğurda payları var. Ölkə başçısı diskriminasiyaya və gender bərabərliyinin bu cür pozulmasına gərək imkan verməyəydi. Onlar ölkənin rəsmi birinci xanımı olmasalar da, DİO-nun həmişə əmrə müntəzir xanımlarıdırlar və hər cür mükafata layiqdirlər.