20 Yanvar –QAN YADDAŞIMIZ

MƏN TARANA GEDİRƏM

Tariximizin səhifələrinə qanlı hərflərlə yazılmış 1990-cı il 20 Yanvar faciəsindən artıq 20 il keçməsinə baxmayaraq , bütün hadisələr sanki dünən baş veribmiş kimi gözümüzün qabağından keçir.Yanvarın 19-dan 20-ə keçən gecəyə "şəhid gecə” də demək olar, "şahid gecə2 də.Çünki 20 Yanvar Vətənimizin azadlığı uğrunda şəhidliyimizə şahid olan gecə idi.Yüksək kürsülərdən, qəzetlərin səhifələrindən, radio və televiziyadan mücərrəd "Gəlin , birləşək!” kəlməsi nə qədər ucuz səslənsə də, "Qara Yanvar” gecəsindən sonra xalq bir yumruq kimi birləşdi.Bakıda axıdılan günahsızqanlara özü qan içində boğulan Qarabağ, Mil, Muğan, Şirvan, Cənubi Azərbaycan , Türkiyə - bütün dünya türkləri və müsəlmanları öz dərdi kimi acıdı.Həmin gecə Azərbaycan radiosu və televiziyası terrorun qurbanı olub partladılan vaxt, Şuşa televiziyası bütün Azərbaycana bu dərdin dərinliyini anlatmağa , xalqı səbirli, təmkinli, eyni zamanda mübariz olmağa çağırırdı.Şuşa televiziyası susdurulanda estafeti Lənkəran televiziyası davam etdirdi.

20 Yanvar –qanlı gecənin səhəri hüzn və matəm içərisində olan xalqın ürəyində ümid işığı yandıran , gecə ikən Bakı buxtasını mühasirəyə almış hərbi gəmilərin hərəkətinə yol verməyən, sovet ordusunun törətdiyi amansız qırğını və vəhşiliyi bütün dünyaya çatdıran Xəzər dənizçiləri oldular.”Xəzərdənizneftdonanma” idarəsinin hərəkətdə olan iri 102 gəmisi, çoxlu xırda gəmi artıq yanvarın 20-də günün ikinci yarısında Bakı buxtasında idi.Onların aramsız həyəcan siqnalları şəhidlərimizin son mənzilə yola salana qədər və ondan sonra da davam etdi.Sahildən dənizçilərə zənglər olunurdu: "Bizim qeyrətli qardaşlarımız, ümidimiz sizədir”.

Dənizçilərin verdikləri "SOS” Bakı həqiqətini bütün dünyaya çatdırdı.Dənizçilərin dilində "ölü dəqiqələr” deyilən bir termin var:hər saatdan bir üç dəqiqə bütün dünyanın dənizçiləri yeni məlumatlar alırlar.Yanvarın 20-si səhər saat 11.30 radələrindən 21-nə keçən gecəyədək 4 dəfə təkrar olunan "SOS”un mətninin əks-sədasını dənizçilər bir saat keçəndən sonra Kalininqraddan , Qara dənizdən , Baltik dənizindən verilən radioqramlardan alırdılar:” Qardaşlar, möhkəm dayanın , naviqasiya olmadığı üçün Xəzərə üzə bilmirik.” Səhərə yaxın isə Sakit və Atlantik okeanlarında üzən dünyanın 50-dən artıq ölkəsinin gəmiləri dənizçilərimizin səsinə səs verdilər.Bütün radioqramlarda bizimlə həmrəy olduqlarını, dərdimizə şərik çıxdıqlarını , bu faciənin bütün dünyaya çatdırılmasında kömək edəcəklərini bildirirdilər.Tarixdə ilk dəfə idi ki, dünya dənizçiləri öz həmrəyliyini belə mütəşşəkil nümayiş etdirirdi.Sosial şərait və qayğıları eyni olmayan dənizçilər ağır gündə birləşməyin mümkünlüyünü bir daha sübut etdilər.

Bakı buxtasına sədd çəkən gəmilərimiz larından Sovet bayrağını endirərək , onun yerinə matəm bayrağı qaldırdılar.Şəhidlərimizin qırxını verənə qədər bu bayraqlar aşağı endirilmədi.

Dənizçilərin həyəcanlı söhbətlərini dinlədikcə , o günləri bir daha yaşayırsan, lakin hələ də "20 Yanvar” faciəsinin günahkarları məsuliyyətə cəlb olunmamışlar.Dünya hələ də o gecə Azərbaycan xalqının taleyinə yazılmış faciənin həqiqi dəhşətıərindən xəbərsizdir.Hələ də çoxlarının xəbəri yoxdur ki, o qanlı gecədə "Xəzərdənizneftdonanma” idarəsinin mətin dənizçiləri olmasaydı, Bakıda Qorboçovun, Yazovun və daşnakların məkrli ssenarisi daha neçə gün davam edəcəkdi.Ona görə də bu gün o qanlı günlərdə dənizçilərimizin fədakarlığını , ölümün gözünə dik baxaraq göstərdiyi qəhrəmanlığı unutmaq onların xidmət və xatirələrinə hörmətsizlik , gələcək nəsillər qarşısında cinayətdir.

1988-1990-cı illər milli-azadlıq hərəkatının fəal iştirakçısı olmuş dənizçiləri "Xəzərdənizneftdonanma” idarəsinin rəhbərliyi hər vasitə ilə dənizdə saxlamağa çalışırdı.Yanvarın 13-15-dəki hadisələrdən sonra dənizçilər tələm-tələsik xarici radio-stansiyaların vasitəsilə xəbər tuturdular.Xüsusilə, "Azadlıq” radiostansiyasının aparıcısı Mirzə Xəzərin məlumatları çox köməyə gəlirdi...

Kərəm Məmmədov

20 Yanvar 1990-cı ildə "ÜİLKGİ-nin 40 illiyi” adına

Teploxodun kapitanı