Məhkəmə prosesi təxirə salındı

Cari ilin avqust ayında Şəmkirin Mahmudlu kəndində 1956-ci il təvəllüdlü Cəfərov Ramiz adlı məktəb direktoru ilə həmin məktəbdə uşaq təşkilatının rəhbəri çalışan 35 yaşlı xanımla eşq məcarasının acı sonluqla bitməsi haqqında KİV-də məlumatlar getmişdi.

Həmin məlumatlara görə, xanımının telefonunda direktorun eşq dolu mesajlarını ələ keçirən əri Məmmədov Ramin Rafiq oğlu onu bıçaqlayaraq xəstəxanalıq edib. Bu əməlinə görə həbs edilən R.Məmmədov barəsində açılan cinayət işinə Hakim Tamilla Nurullayevanın sədrliyi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu gün keçirilən məhkəmə prosesində məhkəmə katibi elan etdi ki, qarşı tərəfdən prosesə heç kəs gəlməyib. O, bunu zərərçəkmişin anasının ona Şəmkirdə də eyni gündə məhkəmə prosesi olduğu söyməsi ilə izah etdi.

Hakim T.Nurullayeva iradını bildirərək qeyd etdi ki, əgər belə bir hal var idisə bunu qabaqcadan demək lazım idi.

Təqsirləndirilən şəxs də qarşı tərəfin prosesə gəlməməsinə etirazını bildirdi və bunu bilərəkdən prosesin uzadılması kimi qiymətləndirdi.

Məhkəmədə iştirak edən təqsirləndirilən şəxs Məmmədov Raminin qardaşı Məmmədov Ramiz zərərçəkmiş tərəfii yalan danışmaqda suclayaraq dedi: "Bu gün Şəmkirdə onlara aid heç bir məhkəmə prosesi yoxdur. Sadəcə, məktəb direktoru Ramiz Cəfərov iki gündür qardaşımın həyat yoldaşını (ad çəkmirik) aparıb Gəncə şəhərində ev kirələyıb orda saxlayır ki, bu gün rayonun icra başçısının qəbuluna aparsın”.

Məmmədov Ramizin dediklərinə görə, "Ramiz zərərçəkmiş xanımı Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədovun qəbuluna salmaqla özünün güya günahsız olduğunu sübuta yetirməyə və beləliklə də, heç nə olmayıbmış kimi tutduğu vəzifəsini davam etdirməyə çalışır”.

Hakim Tamilla Nurullayeva qarşı tərəfin məhkəmədə iştirak etmədiyini əsas gətirərək prosesi 9 yanvar 2015-ci ilədək təxirə saldı.

Baş Redaktordan: Adı bu qalmaqallı cinayət hadisəsində və məhkəmə prosesində hallandırılan Şəmkir rayon, Mahmudlu kənd orta məktəbinin direktoru Ramiz Cəfərov dünən telefon bağlantısı yaradaraq iradlarını və öz fikirlərinin çatdırdı. Biz də öz növbəmizdə sayın Ramiz müəllimə onun da mövqeyinin "Millət”-də işiqlandırılmasına hər zaman hazır olduğumuzu bildirdik. Bir daha da bəyan edirik ki, buna şərait yaradırıq və onun da fikirləri nöqtəsinə, vergülünə toxunulmadan dərc olunacaq. Ancaq məktəb direktorundan tələbimiz odur ki, "zəhmətkeş zənglərini” yiğışdırsın. Hədə-qorxular, şantaj və bu kimi metodlar bizə keçməz. Bizim kimlərləsə ədavətimiz və qəsd-qərəzçiliyimiz yoxdur. Bu hadisə və məhkəmə barədə ölkənin bir çox KİV-lərində məlumatlar gedib və indi də getməkdədir. Biz də onlardan biriyik.