20 Yanvar hadisələrində evlərindən bayıra çıxmayan idarə "rəhbərləri” yanvarın 21-də idarənin rəisinin iş otağına yığışaraq radiotelefonla dənizçilərin bütün danışıqlarına qulaq asırdılar.Danışıq zamanı dənizçilərin fəallarının adları, familiyaları və ev ünvanları rəisin iş otağında idarənin rəhbərliyi tərəfindən DTK-nın nümayəndəsinə verilirdi.Oradan rəhbərlik rəislə birlikdə dəniz vağzalına , "Sait Orucov” gəmisinə gəlmişdi.Donanmanın bütün gəmilərini Bakı buxtasında görən rəis, həqiqətən ürəyini tutaraq xəstəxanaya getmişdi.Ümumiyyətlə, donanmanın ən çətin vaxtlarında rəis öz çıxış yolunu xəstəxanada tapırdı...
İdarənin baş mühəndisi Gülhüseyn Bağırovun dediklərindən :
-21 yanvarda istehsalat birliyinə gəldim.Birliyin baş direktoru Neftçi Qurbanın iş otağına ehtiyatla daxil oldum.O da 16-cı kanalda "reyd”lə dənizçilərin hərbiçilərlə apardıqları qeyri-adi danışıqlara qulaq asırdı.
Məni gördü, heç nə demədi.Mən sakitcə onunyanından çıxmaq istəyəndə dedi:”Gül, sən niyə dənizçilərin yanında deyilsən? Onların başından bir tük əskik olsa, mən sizin...” –dedi.
Mən həmişə zabitəli və tələbkar gördüyüm rəisi tanıya bilmirdim.Dənizçilərin cəsur fədakarlığına haqq qazandıran el ağsaqqalının sözlərindən sonra elə bil mənə bir qüvvə gəlmişdi.
Baş direktorun müavini Ə.Zeynalovun iş otağına girdim.O, həmişə ağıllı məsləhətləri ilə bütün neft sənayesi işçiləri, xüsusi ilə dənizçilər arasında böyük hörmət qazanmışdı.Neftçi Qurbanla söhbətimizi ona söylədim.Əhməd müəllim:”İndi hər bir vicdanlı azərbaycanlı, əlbəttə, dənizçilərlə bir yerdə olmalıdır”, -dedi.Söhbətə baş direktorun müavini Z.Salmanov qarışdı:”Necə olur-olsun, biz dənizçiləri qorumalıyıq.”Bu vaxt Qurban Abbasov birliyin baş mühəndisi, mərhum Nammiq Əfəndiyevə sərəncam verdi ki, Ali Sovetə zəng etsin, Elmira Qafarova qoy dənizçilərin nümayəndələrini qəbul etsin.
Biz istehsalat birliyindən Azneft piyada dəniz vağzalına –"Sabit Orucov” gəmisinə , dənizçilərin qərərgahına gəldik.
Gəmi kapitanlarından Kişi Mütəllimov , İbrahim Salayev, Maarif Xəlilov, Mövlud Əliyev və Müzəffər Əliyevdən ibarət nümayəndə heyəti dənizçilərin tələbnamələri Bakı komendatı general V.S.Dubinkaya aparmalı oldu.Yenidən biz "Vosxod”la əlaqəyə girərək, nümayəndə heyətinin təhlükəsizliyini tələb etdik.”Vosxod” da xüsusi nümayəndə heyətinin hərbi katerlə dəniz vağzalından Bayıl limanına kimi aparıb geri gətirilməsinə təminat verdi.Saat 14.00-da hərbi kater vağzala yan aldı.Bizim beş kapitan hərbi katerə mindi.Hərbi kater ağ bayraqla göyərtəsində bir neçə avtomatlı hərbiçilərlə bizim gəmilərin arasından Bayıl limanına istiqamət aldı...
Bu intizarlı anlar bizim hamımıza olduqca çətin idi.Kaapitan yoldaşlarımızın həlak olması demək idi.
Kapitan Kişi Mütəllimovun dediklərindən:
-Bizi hərbi körpüdə iki kontr-admiral qarşıladı.Bayıl limanı müharibə vəziyyətində idi. Körpünün hər iki tərəfində əsgərlər əllərində avtomat və yanlarında itlər əmrə müntəzəm dayanmışdılar. Körpüdə dayanan gəmilərin göyərtəsindəki əsgərlər əllərindəki avtomatları bizə tuşlamışdılar.
Həmişə fəxr etdiyimiz sovet əsgərlərinin sifətləri insan qanına susayan faşist əsgərlərinə oxşayırdı.
Körpüdə bizi gözləyən iki qara "Volqa”ya oturaraq hərbi qərərgaha gəldik.Qərərgahın həyətində ev əşyaları olan minlərlə qadın –uşaq yığışmışdı.Vaxt tapıb bizi aparan sürücüdən soruşduq:”Bunlar hara köçürlər? " Sürücü: "Hamısı rus zabitlərinin ailələridir”- dedi.Şayiə yayıblar ki, guya azərbaycanlılar onları qıracaqlar.”Əgər rus zabitləri öz ailələrini təcili olaraq Bakıdan köçürürlərsə, deməli Bakıda qırğınlar hələ davam edəcək”-biz də belə fikirləşdik.Hərbi qərərgahda gördüyümüz vəziyyət də buna inanmağa əsas verirdi.
-Yoldaş admiral, deyin görək, şəhərdə ölənlər çoxdurmu?-deyə soruşdum.
Bakıda böyük imtiyazlarla əhatə olunmuş , Azərbaycan xalqının çörəyini yeyən, Xəzər hərbi donanmasının komandanı, Azərbaycan SSR Ali Sovetinin deputatı Lyaşenko:Beş-on nəfər ekstremist ölüb” –dedi.
Admiral bizimlə daha mübahisə etmədən harasa zəng çaldı və sonra dedi ki, general Dubinyak çox məşğuldur.Siz mənə etibar edin, tələbinizi general Dubinyaka çatdıraram.
Admiral V.V.Sidirovla söhbətimiz çox çəkmədi.Bizim cavabımızı dənizçilər gözləyirdilər.Söhbət əsnasında hiss etdi ki, ölümlə üzbəüz dayanmışıq.Hərbiçilərin hansısa gizli planlarına mane oluruq.
Tez-tez Sidirov bizim limanı tərk etməyimizi tələb edirdi.Hər dəqiqə hədələyirdi.Necə olursa-olsun, bizə ötən gecədəkiməğlubiyyətini bağışlamayacağını bildirirdi.Cavabımız isə qəti oldu:” Bütün dənizçilər ölümə hazırdır.Tələbimiz yerinə yetirilməsə, buxtanın mühasirəsinə açmayacağıq” dedik və hərbi qərəgahı tərk etdik...
***
Nümayəndələr admiral V.V.Sidirovun yanımdan gələndən sonra kapitanlar özlərinin ikinci gizli iclaslarını keçirmək qərarına gəldilər.Sabah şəhidlərin dəfn mərasimi olacaqdı.Artıq şəhərdəki bütün hadisələrdən xəbərimiz vardı.Hərbiçilər yeni-yeni cinayətə əl atırdılar.Yanvarın 23-də bizə xəbər gəldi ki, şəhidlərin dəfn günündən sonra dənizçilərin nümayəndələrini Ali Sovetin Rəyasət Heyətinin sədri Elmira Qafarova qəbul edəcək.Odur ki, gizli iclasda Ali Sovetə getmək üçün 7 nəfərdən barət nümayəndə heyəti –Müzəffər Əliyev, Mövlud Əliyev, Ağalar İbrahimov, İbrahim Salayev, Y.N.Radçenko, R.Əfəndiyev və bu sətirlərin müəllifi seçildik.Gəmilərdən sovet bayrağını endirmək və yerinə matəm bayrağı qaldırmaq, həmçinin dənizçilərin tətil komitəsini yaratmaq qərarı qəbul edildi.Saat 10.00-da 8 nəfərdən ibarət nümayəndə heyəti Ali Sovetə yola düşdük.
Nümayəndə heyətinin tərkibində mərhum Ağası Hacıyev də vardı.Onu dənizdə buruq tikinti idarəsinin rəisi, gözəl insan, yaxşı mütəxəssis kimi tanıyırdım.Axır vaxtlar Ağası müəllim birliyin nəqliyyat üzrə rəis müavini işləyirdi.Hadisənin ilk günlərindən bu vətənpərvər insan dənizçilərə hmrəy olur, bizimlə tez-tez telefon əlaqəsinə girirdi.İndi o da bizimlə birlikdə Ali Sovetə gedirdi.
Şəhidlərimizin qızıl qanı tökülmüş yerlərdə , yol boyu düzülmüş qərənfillərə baxırdıq.İlahi, Şəhidlər Xiyabanına kimi nə qədər qərənfil düzülmüşdü.!”..Şəhər ölü sükutuna dalmışdı.Küçələrdə heç bir gediş-gəliş yoxdu.Tinlərdə və meydanlarda əli avtomatlı əsgərlər, tanklar və ZTR-lər dayanmışdı.Radio və telestudiya tamamilə əsgərlər tərəfindən mühasirə olunmuşdu.Biz Ali Sovetə çatanda Ağası müəllim dedi:”Çağırılmamış qonaqlar heç gedənə oxşamırlar.”
Elmira Qafarovanın yanına qalxdıq.Ağası müəllim birinci mərtəbədə bizi gözləməli oldu.Elmira Qafarova qara paltarda bizi iş otağının yanında qarşıladı.Bir-bir hamımızla görüşdü.Bildirdi ki, sizin tələblər Azərbaycan SSR Ali Sovetinin fövqaladə sessiyasının qərarında öz əksini tapıb.Daha sonra Elmira xanım bildirdi ki, hər şey hərbiçilərin əlindədir, onun özünə normal şəkildə işləməyə belə imkan vermirlər.Elmira Qafarovanın iş otağında SSRİ xalq deputatları Tofiq İsmayılov, Arif Məlikov, A.Əmənov, Şeyxülislam Allahşükür Paşazadə və adını bilmədiyim bir azərbaycanlı qadın var idi.O qadın bizi bir-bir öpür və ağlayırdı.Tofiq İsmayılov bizi qucaqlayaraq:”Çox sağ olun, qırğının qarşısını ala bildiniz, o qanlı gecədən sarsılmış xalqın itirilmiş inamını özünə qaytardınız”, - dedi və əlavə etdi: "Gəmiləri batırmaq , ya da yandırmaq lazım deyil, gec-tez ruslar gedəcək , donanma isə bizimdir.”
Bu vaxt telefon zəng çaldı.Arif Məlikov telefon dəstəyini götürdü, dinlədi və cavab verdi:”Грошь цена вашей армии, что не может поймат одного экстремиста”, -deyərək , dəstəyi yerə qoydu.Sonra üzünü Elmira xanıma tutaraq dedi: "Yazovdur, deyir ki, Salyan kazarmasının qarşısında bir ekstremist var , bizim əsgərlərə güllə atır.”
Həmişə televizor ekranında həlim gördüyüm dünya şöhrətli bəstəkarın qaniçən imperiyanın hərbi nazirinə belə sərt cavabı məni heyran etdi.Əgər bu xalqın bəstəkarı , qandan doymayan qoca hərbi nazirə belə cavab verirsə, onda xalqın məğlub olmağa haqqı yoxdur.Arif müəllim yuxusuzluqdan çox yorğun görünürdü.O, ağlayan anaya dedi:”Bu qəhrəmanlara çay verin.”
Sonra yuxarı mərtəbədə biz çay içə-içə söhbətimizi davam etdirdik.Burada təklif etdik ki, Ali Sovetin bir qrup deputatı Bayılda hərbi qərərgahı və hərbi gəmilərin anbarlarını təcili yoxlasın.Ola bilsin ki, meyitləri orada gizlədiblər.Elmira xanım məsləhət etdi ki, tələbinizi həyata keçirməyi hələlik saxlayın, çünki Ali Sovetin Fövqaladə Sessiyası davam edir.Ona görə də gəmilərdən birini yanvar ayının 21-də yandırmaq məsələsini müvəqqəti dayandırdıq.
Elmira Qafarovanın iş otağından çıxanda o bizimlə həmrəy olduğunu bildirdi və deputat qrupu ilə əlaqə saxlamağımızı tövsiyə etdi.Bizi yuxarı mərtəbədə jurnalistlər gözləyirdilər.Burada Ramiz Fətəliyevi də gördük.Rusdilli jurnalistlərin bir sıra suallarına cavab verdik.
Ali Sovetdən çıxanda deputatlardan Arif Məlikov , Şeyxülislam Allahşükür Paşazadə, Tofiq İsmayılov və "Babazadə” gəmisinin kapitanı Müzəffər Əliyev elə ordanca general Yazovun yanına getdilər.Qalan nümayəndələrlə biz "Sabit Orucov” gəmisinə qayıtdıq. Saat 16.30-da bizə bildirdilər ki, idarəmizin baş mühəndisi Gülhüseyn Bağırov Xəzər hərbi dəniz donanmasının komandanın yanında danışıqlar aparmaq üçün sizi gözləyir.
"Biz Ali Sovetdən hansı xəbərlə gəldiyimizi dənizçilərə çatdırmamış nə danışıqlar aparırlar,” –deyə ora getmək istəmədik.Dənizçilər belə qərara gəldilər ki, yenə həmin nümayəndələr admiral V.V.Sidirovla görüşə getsinlər.Biz-yəni Mövlud Əliyev, Kişi Mütəllimov, İbrahim Salayev, Ağası Hacıyev və mən yeni görüşə getməli olduq.18.20-də hərbi qərərgaha daxil olduq.Bura ele bil köçkünlər məntəqəsi idi.Minlərlə qadın , uşaq və qoca var idi.Dəstə ilə gedən-gələn uşaqlar , qadınlar ağlaşırdılar.Bizi elə yerlərlə aparırdılar ki, sanki bu mənzərəni gözümüzə soxmaq istəyirdilər.Başdan-ayağa silahlı əsgərlər elə bil bu saat bizi güllələyəcəkdilər.Adamı dəhşət bürüyürdü.Yenə Ağası müəllim dedi:
-Görəsən, biz buradan sağ və salamat qayıda biləcəyikmi?
18.30 radələrində bizi komandirin otağına gətirdilər.Gülhüseyn Bağırov, Qulu Quluyev və SSRİ Hərbi Dəniz Donanmasının komandanı admiral V.V.Sidirov orada idilər.Bəli, mənimlə dəfələrlə "əlaqə”yə girən qoca köpək bu idi.Enlikürək, iki metre qədər boyu olan bu admiral bizi başdan-ayağa süzərək, birinci dəqiqədən hədə-qorxu ilə sözə başladı.Yanvarın 23-nə qədərki hərəkətlərimizi cinayət adlandırdı və cinayət məcəlləsinin bir neçə maddəsini oxuyaraq , bizi 9 ildən 15 ilə qədər həbsə alacaqlarını bildirdi.Daha sonra qeyd etdi ki, guya gəmilərin birində 2 çəllək yanacaq -hərəsi 5 tonluq olub, məqsədimiz isə bu olub ki, oçənləri yandırıb gəmini yana-yana hərbi bazaya sürək , bütün hərbi gəmiləri partladaq.Guya indi həmin çənlər olan gəmini gizlətmişik.Bundan əlavə, "Aleksey Kortunov”, ya da "Sabit Orucov” sərnişin gəmisinin göyərtəsində əli avtomatlı "boyevik”lər olub, hərbiçilər onların şəkillərini çəkiblər.Qəti etiraz etdik ki, bu bizə qarşı fitnəkarlıqdır, bizdə elə bir şey olmayıb.Tələb etdik ki, sübut etsinlər.O isə : "Bəli lazım gəlsə hər şeyi sübut edərik”, -deyə "Sabit Orucov” gəmisinin kapitanına 15 il , "ÜİLKGİ-nin 40 illiyi” gəmisinin kapitanına –yəni mənə güllələnmə kəsdirəcəyinə söz verdi.Mən Mövludun üzünə baxdım:
Mövlud: -Niyə, -sualını verdi.
-Mən admiralam, onlara gecə "əlaqə” ilə xəbərdarlıq etdim ki, hərbi gəmiləri təqib etməsinlər, onlar nəinki məni eşitmədilər, hətta "ÜİLKGİ-nin 40 illiyi”nin kapitanı məni kobud söyüşlərlə söydü- deyə admiral daha da əsəbiləşdi.
Mən " Yoldaş admiral” "əlaqə”də siz görmürdünüz!...”-dedim.
"Axı ,mən danışıq vaxtı özümü təqdim etdim ki, sizinlə danışan admiral Sidirovdur!”
Görünür, admiralın Bakıda tökdüyü qanlardan xəbəri yox idi, ya da elə bilirdi ki, nə istəsələr edə bilərlər.
Bakılı kontr-admiral telefonu götürüb kiminləsə danışdı:”Bəli kapitanlar buradadırlar”,-dedi .Sonra üzünü admiral V.V.Sidirova tutaraq:
-Bakı Sovetinin sədri Rüfət Ağayevdir.Çox yaxşı oğlandır,-dedi və Rüfət Ağayevi təriflədi.
Sözünün axırında general Yazovun onu möhkəm hədələdiyini və bizim gəmilərin fitinin ona zara gətirdiyini bildirdi:
-Yazov mənə əmr edib ki, gəmilərin səsi kəsilməsə, səni hərbi tribunala verəcəyəm ,-dedi.Ona görə də biz Bakı buxtasında ayın 23-ü saat 24.00-da faövqaladə vəziyyət elan edirik.Gəmilərinizi batıracağıq,-deyərək dişlərini qıcadı.
Həmin gecə dənizdə güclü külək idi.Həm də bizə əlavə vaxt lazım idi ki, vəziyyəti bütün dənizçilərə izah edək.Gəmiləri başqa dayanacaqlara aparaq və eyni zamanda tətillərimizi davam etdirək.Axı, "göz gördüyündən qorxar” , deyiblər, bunlardan hər nə desən gözləmək olardı.Ona görə də biz bildirdik ki, heç olmasa fövqaladə vəziyyət ayın 24-ü saat 16.00-da elan edilsin.Bizim bu təklifimizə razılaşdılar.Məqsədimiz vaxt əldə edib, kapitanların üçüncü iclasını çağıraraq , görüşlərin nəticəsini dənizçilərə çatdırmaq və sonra nə etmək barədə birgə qərara gəlmək idi.
(Ardı var)