Demokratik cəmiyyətlərin əsas xüsusiyyətlərindən biri odur ki, onların ali qanunvericiliyində hakimiyyətin qaynağı kimi xalq göstərilib.Xalq hakimiyyəti birbaşa və ya dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları vasitəsilə həyata keçirir.Bütün demokratik dövlətlər öz idarəçilik sistemlərində yerli özünüidarəçiliyə geniş yer verirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə əsasən yerli özünüidarəni bələdiyyələr həyata keçirir.Bələdiyyə mənşəcə ərəb sözü olub, ”şəhər idarəsi” deməkdir.Bələdiyyələrin yaranma tarixi isə təqribən 300 ilə yaxın bir dövrü əhatə edir. Özünüidarəetmə elementləri olan yerli idarələr bu və ya digər formada bəşər cəmiyyəti inkişafının müxtəlif mərhələlərində mövcud olmuşdur.
Bununla bərabər onun müstəqil hüquqi instituta və hakimiyyət orqanları sisteminə çevrilməsi iri Avropa şəhərlərində yerli özünüidarə orqanlarının formalaşdığı orta əsrlər dövründə baş verib.Bələdiyyələr vətəndaşlara yaşadıqları ərazidə olan problemləri müstəqil və sərbəst şəkildə həll etmək imkanı verir. Onlar yerli əhalinin müxtəlif proqramların qəbul edilməsində və həyata keçirilməsində iştiraklarını təmin edir.
Bələdiyyələr yerli xarakterli problemlərin həllində öz iştiraklarını genişləndirməklə yanaşı, fəaliyyətlərini qanunvericiliyin təkmilləşdirilməsində və yeni maliyyə mənbələrindən istifadə qaydalarının müəyyənləşdirilməsində də əks etdirməlidir.Ümumiyyətlə, yerli özünüidarəetmə ərazidə iqtisadiyyatın dinamik inkişafını təmin etməyə və bu əsasda əhalinin sosial problemlərinin həllini sürətləndirməyə şərait yaradır.
Azərbaycanda qadın azadlığı fikrini isə I Dünya müharibəsi illərində Məmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Yusif Vəzir Çəmənzəminli kimi görkəmli düşüncə adamları önə çəkib. Onlar bu addımı atmaqla milli gəlişmə işinə Azərbaycan qadınlarının da qoşulmasına çalışıblar. Məhz bu işlərin nəticəsi olaraq qadınlarımız seçki hüququna ilk dəfə 1919-cu ilin sentyabrında Azərbaycan Demokratik Respublikasının parlamentinə keçirilən seçkilər zamanı nail olublar. Lakin həmin dövrdə qadınlar seçmək və seçilmək hüququnu qazansalar da, parlamentə üzv kimi seçilə bilməyiblər.
Zaman keçdikcə isə Azərbaycan qadını seçki hüquqları uğrunda mübarizəsini dayandırmayaraq, müxtəlif seçkili qurumlarda təmsil olunmaq imkanı əldə edib. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu daha da artdı. 1992-ci ildə Azərbaycan BMT və ATƏT-in, 2001-ci ildə isə Avropa Şurasının üzvü oldu. Bu təşkilatların hər birinin tərkibində gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturlar var. Azərbaycan dövləti də bu qurumlara üzv olduğu vaxtdan etibarən həmin strukturların hər biri ilə sıx əməkdaşlıq edir. Azərbaycan Respublikası 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında" 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulub.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edərək, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Konstitusiyanın 56-cı maddəsinə əsasən, qadınların dövlət orqanlarına seçmək və seçilmək, həmçinin referendumda iştirak etmək hüququna malikdir. Qadınların seçki hüquqlarının tənzimlənməsi və həyata keçirilməsi "Seçki Məcəlləsində" öz əksini tapıb. Ancaq buna baxmayaraq, dövlət strukturlarında, parlamentdə, bələdiyyədə, siyasi fəaliyyətlə məşğul olan qadınlaımızın sayı çox azdır. Qeyd edək ki, Azərbaycanda ilk bələdiyyə seçkilərində (1999-cu il 23 min bələdiyyə üzvünün yalnız 395 nəfəri qadın idisə, 2004-cü ildə keçirilən ikinci seçkilərdə qadınların sayı 800-ə, 2009-cu ildə 4081 nəfərə çatıb. Üçüncü bələdiyyə seçkilərindən sonra formalaşan bələdiyyələrə seçilən sədrlərin arasında qadınların sayı isə 302 nəfəri təşkil edib. Bu gün bələdiyyə qulluqçuları, komissiya sədrləri, sədr müavinləri arasında da xeyli sayda qadınlar var. Bu rəqəm hər seçkidən sonra yüksələn xətt üzrə inkişaf edir
Azərbaycan dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən bir olmasına rəğmən, ölkəmizdə dövlət və yerli idarəetmədə qadınların aktiv iştirakçılığından danışmaq mümkün deyil. Rəsmi statsitikaya görə, məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadınlardır. Lakin müəllimlərin çoxu qadın olsa da, məktəb direktorlarının cüzi bir hissəsini qadınlar təşkil edir.
Qarşıdan bələdiyyə seçkisi gəlir. Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur. Bələdiyyələr bərabərlik əsasında qurulur, fəaliyyət göstərir və Konstitusiya, eləcə də Qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.
"Bələdiyyə" və "yerli özünüidarə" terminləri, habelə bu ifadələrin iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, eləcə də əhali tərəfindən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar işlədilir. Bələdiyyələr 500 nəfərdən az əhalisi olan yerlərdən tutmuş, 300000 nəfərə qədər olan yerlərdə yaradılır. 300 min nəfərdən çox əhaliyə malik şəhərlərdə şəhərin inzibati bölgüsünə görə bələdiyyə yaradıla bilir.
Belə problemlər içərisində xüsusi diqqət çəkən məqam qadınların demokratik quruculuq prosesində zəif iştirakıdır. Cəmiyyət inkişaf etdikcə qadınların fəallığının artması müşahidə olunur. Artıq Azərbaycan qadını dünya səviyyəsində təmsil oluna biləcək intellekt və savad həddinə yüksəlib. Bununla yanaşı, qadınların cəmiyyətin müxtəlif sahələrində təmsilçiliyi kifayət qədər yüksək deyil. Sosial həyatın bütün sahələrində ağırlığı çiyinlərində daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklə demokratiya quruculuğu prosesini sürətləndirmək olar. Bələdiyyə seçkiləri buna böyük bir fürsət verir. Tədqiqatlardan məlum olur ki, qadınların böyük hissəsinin bələdiyyə seçkisi haqda məlumatları məhduddur. Onlar seçki hüquqları barədə az məlumatlıdırlar.
Bələdiyyə seçkisi siyasi təsisatların yarışması olsa belə, digər seçkilərlə müqayisədə daha çox ictimai məsələdir. Bələdiyyələr fəaliyyət genişliyinə görə daha çox insanı əhatə edir. Ölkədə gedən demokratik inkişafın düzgün təmayülü naminə bu prosesdə qadının fəallığı mühümdür. Çünki bələdiyyələrin fəaliyyətinin əsas sahəsi sosial problemlərin həlli sayılırsa, bu problem cəmiyyətdə müxtəlif səbəblər üzündən əsasən qadınların üzərindədir. Qadınlar öz problemini daha yaxşı bilir. Məktəbin, xəstəxananın normal fəaliyyəti, yolların və bütövlükdə infrastrukturun qaydasında olması, işıq, qaz, su təminatı daha çox qadının problemləri deyilmi?
Deməli, bu problemlərin həll edilməsində daha çox məhz elə qadınlar fəallıq göstərəcəklər.
"XXI Əsrin Qadınları" İctimai Birliyinin yarandığı gündən qarşısında duran əsas strateji məqsədlərindən biri "Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi" istiqamətidir.
"Qadınların problemləri üzrə Dövlət Proqramın”-dan irəli gələrək gender bərabərliyinin icra olunan layihələrdə komponentlərdən biri kimi götürülməsi, təşkilatın problemə ciddi yanaşmasını göstərir.
Təşkilatın icra etdiyi layihələr çərçivəsində aparılan araşdırmaların nəticələrini nəzərə alaraq bələdiyyə seçkisində nisbi uğurlar qazanmaq üçün ölkədə əhalinin böyük faizini əhatə edən qadınların fəallaşdırılması yönündə səylərin gücləndirilməsini mühüm hesab edir. Belə ki, Azərbaycanda konstitusion baxımdan hüquq bərabərliyi mövcuddur və bundan irəli gələrək qadınlar arasında maarifçiliyə, xüsusilə seçki maarifçiliyinə böyük ehtiyac duyulur. Statistik məlumatlara əsasən ölkəmizdə qadınların sayı kişilərin sayına nisbətən çoxdur. Qadınların bələdiyyələrdə təmsilçiliyinin statistik göstəriciləri ilə yerli səviyyədə qərar qəbuletmədə real qadın iştirakçılığı arasında mühüm fərqlər var və bu fərqi doğuran bir sıra iqtisadi, siyasi, sosial və hüquqi amillər mövcuddur. Statistika ilə reallıq arasındakı fərq isə son nəticədə kənd yerlərində yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasında bələdiyyələrin, xüsusilə bələdiyyə üzvü və qulluqçusu olan qadınların rolunu azaldır.
Amma seçib-seçilmək prosesi zamanı bu mütənasiblik pozulur. Həm seçilən, həm də səsverməyə gələn qadınlar azlıq təşkil edir. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə qadınların seçkilərdə fəallığının artırılması üçün onların maarifləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına böyük ehtiyac var.
Son olaraq qeyd edək ki, Azərbaycan
qadını öz fəaliyyətini şaxələndirib. Əsgərlərlə görüşlər keçirir, uşaq
evlərində, qocalar evində, əlillər evində tez-tez olur, imkan daxilində onlara maddi
və mənəvi dayaq olurlar. Qadınlara etimad və imkanın daha da artırılmasını
arzulayaram.
Mahirə Əmirhüseynova
"XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri