Azərbaycanın ən qədim ali təhsil müəssisələrindən biri, ölkənin yeganə tibbi təhsil verən ali orqanı Azərbaycan Tibb Universitetidir. Bu universitetin ən böyük fakültələrindən biri isə Stomatologiya fakültəsidir.
Stomatologiya fakültəsinin əsas işi insanların sağlamlığı keşiyində duran yüksək ixtisaslı həkim kadrların hazırlanmasıdır. Fakültənin fəaliyyəti dövründə 8000-dən çox həkim-stomatoloq hazırlanıb ki, hazırda onlar həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Hal-hazırda Azərbaycan Tibb Universitetində stomatoloji profilli fənlərin tədrisi 5 kafedrada həyata keçirilir: Terapevtik stomatologiya kafedrası, Ağız və üz-çənə cərrahiyyəsi kafedrası, Ortopedik stomatologiya kafedrası, Uşaq stomatologiyası kafedrası və Stomatologiya kafedrası (müalicə-profilaktika, pediatriya, tibbi profilaktika və hərbi fakültələrin tələbələri üçün).
Stomatoloji profilli kafedraların əməkdaşları öz bilik və bacarıqlarını artırmaq üçün dünyanın qabaqcıl universitet və klinikalarının aparıcı mütəxəssislərinin iştirakı ilə müxtəlif mövzuları əhatə edən Beynəlxalq konfranslar təşkil ediblər. Həmçinin, stomatologiya sahəsinə aid ölkəmizdə və xaricdə keçirilən beynəlxalq simpozium, konqres, konfrans və s. tədbirlərdə iştirak edirlər.
Ümumilikdə stomatologiya fakültəsinin nəzdində olan kafedralarda 270 nəfər professor-müəllim heyəti və tədris personalı fəaliyyət göstərir. Stomatologiya fakültəsinin Elmi Şurasının 25 üzvü var. Onlardan 12 nəfəri professordur.
Universitetin ilk klinikası – Stomatoloji Klinika
Stomatologiya fakültəsinin açıldığı dövrlərdən fənlər üzrə təcrübə dərsləri Səhiyyə Nazirliyinin müxtəlif poliklinika və xəstəxanalarında, mühazirələr isə universitetin tədris korpuslarında keçirilirdi. Kafedraların iş şəraiti illər keçdikcə yaxşılaşsa da, dərs otaqlarının azlığı və poliklinika bazalarının darısqallığı yenə də özünü göstərirdi. Nəhayət, Universitetin stomatoloji klinikası açıldı.
ATU-nun Stomatoloji Klinikası 2002-ci ildə yaradılıb və universitet nəzdində yaradılan ilk klinika olub. Hazırda Stomatologiya fakültəsinin bütün profil kafedraları Stomatoloji Klinikada yerləşir. Klinikanın yaradılmasında məqsəd bu sahənin inkişafına nail olmaq, xəstələrə keyfiyyətli tibbi yardım göstərmək, həmçinin peşəkar həkim-stomatoloqlar yetişdirməkdir.
Stomatoloji Klinikanın nəzdində stomatoloji poliklinika da fəaliyyət göstərir. Bu da stomatologiya fakültəsinin tələbələrinin praktiki təcrübə keçməsinə imkan yaradır.
Stomatoloji klinikada terapevtik, cərrahi, ortopedik, uşaq stomatologiyası kafedraları və müalicə, pediatriya, tibbi profilaktika və hərbi fakültələrinin tələbələri üçün stomatologiya kafedrası ilə bərabər terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir.
Stomatoloji klinikanın əsas fəaliyyət istiqaməti yüksək ixtisaslı həkim-stomatoloq kadrları hazırlamaqla yanaşı, elmi-tədqiqat işlərinin aparılması üçün müasir tələbələrə cavab verən baza olmaqla, əhaliyə yüksək ixtisaslı stomatoloji xidmət göstərməkdən ibarətdir.
Bu məqsədlə Stomatoloji klinikanın 4 mərtəbəli tədris-klinik binası əsaslı təmir olunduqdan sonra Yaponiya, Almaniya, Türkiyə, Slovakiya, Braziliya, Koreya və b. ölkələrdə istehsal olunan avadanlıqlar və yeni stomatoloji qurğularla təchiz olunub.
Klinikada yeni tədris otaqları açılmış, köhnələri müasir stomatoloji klinikanın tələblərinə uyğun əsaslı təmir olunub. Rentgen diaqnostika və kompüter tədris kabineti tələbələrin istifadəsinə verilib. Sterilizasiya sistemi köklü dəyişərək avtoklavlaşdırma sisteminə keçib. Stomatologiyada istifadə olunan dərman və ləvazimatlar ən müasir standartlara cavab verən aparıcı şirkətlərin məhsulları ilə əvəz edilib.
Bu yaxınlarda ATU-nun Stomatoloji klinikasının həm də tədris mərkəzi açılıb. Burada fantom tədris kabinetləri də var və hər bu cür kabinet 13 iş-oturacaq yerlərindən ibarətdir. Bu kabinetlərdə stomatologiya üzrə bütün rezidentlər klinik təcrübə aparır, xəstə qəbul edirlər.
Klinikada yüksək səviyyədə ixtisas fənləri tədris olunur. Burada tədris kabinetləri, rentgen diaqnostika şöbəsi və diş texniki laboratoriyaları tələbə və professor-müəllim heyətinin ixtiyarına verilib. Tələbələr müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçir və praktiki vərdişlər əldə edir, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak edirlər. Onlar stomatologiyada istifadə olunan ən son model ləvazimatlar, nanotexnologiya əsasında plomb materiallarından istifadə edirlər. Klinikanın özünün mikroskopla təchiz olunmuş mobil, rəqəmsal rentgen qurğusu var.
Bununla yanaşı, Stomatoloji Klinikada implantologiya, parodontologiya, ortodontiya, rentgen-diaqnostika, fizioterapiya, "Rentgen-Diaqnostika” tədris mərkəzi və stomatoloji laboratoriyalar da fəaliyyət göstərir.
Son 5 il ərzində Stomatoloji Klinikanın nəzdində stomatologiya elminin müxtəlif sahələrini əhatə edən 72 elmi-tədqiqat işi aparılıb. Stomatoloji Klinikada 180-a yaxın professor-müəllim heyəti çalışır. Onlardan 8 nəfəri tibb üzrə elmlər doktoru, professor, 26 nəfəri dosent, 85 nəfəri assistent, tibb üzrə fəlsəfə doktorudur.
ATU-nun Stomatoloji Klinikası müasir tələblərə cavab verən maddi-texniki bazaya malik bir müəssisədir. Bu klinikanın açılması insanların sağlamlığı keşiyində duran yüksək ixtisaslı həkim kadrların hazırlanmasına xidmət edən bir addımdır.
Klinikanın direktoru, ortopedik stomatologiya kafedrasının dosenti, tibb üzrə elmlər doktoru Alqış Səfərovdur.